Küveytin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
    • 21-02-2020, 22:55
    • 900

Küveytin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Fevralın 21-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 59-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.


News24.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azad edilməsinin 29-cu ildönümünə həsr olunduğunu bildirib. Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.


Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksəksəviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O bildirib ki, ölkələrimiz arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir. O, bu yaxınlarda Azərbaycan Prezidenti ilə Küveyt Baş Naziri arasında baş tutan görüşü xatırladıb. Diplomat əlavə edib ki, bu, ölkələrarası əlaqələri inkişaf etdirir.


Səfir vurğulayıb ki, ölkəsi Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır.


Xarici İşlər nazirinin müavini Ramiz Həsənov əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan Prezidenti və hökuməti adından təbrik edib. Nazir müavini bildirib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan R.Həsənov Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini söyləyib.


Ramiz Həsənov deyib ki, Küveytin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir.
O əlavə edib ki, ölkələr arasında 21-dən artıq hüquqi sənəd imzalanıb. Parlamentlərarası əlaqələr də daim inkişaf edir.


Qəbulda rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.