“Elə bilirəm, yenə qarın üstünə qan töküləcək...”- XOCALILARDAN HAYQIRTI- VİDEOREPORTAJ
    • 26-02-2020, 17:17
    • 1 583

“Elə bilirəm, yenə qarın üstünə qan töküləcək...”- XOCALILARDAN HAYQIRTI- VİDEOREPORTAJ

“O gecə dizəcən qar yağmışdı, o ağappaq qar xocalıların qanıyla qızardı . İndi uşaqlarım qar arzulayanda mən qorxuram, elə bilirəm yenə qarın üstünə qan töküləcək...” 
 

Bunu “Ana harayı” abidəsinin qarşısında News24.az-ın əməkdaşı ilə dərdini bölüşən Tahirə Hüseynova bildirib.  

Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə valideynlərini və yaxın qohumlarını itirib.  “O hadisə baş verəndə 19 yaşında idim, üç qardaşım körpə idi. Həmin gecə ata - anam şəhid oldu. Əmim qızı, üç ayın gəlini idi, hamilə vəziyyətdə işgəncə ilə öldürdülər... Bizə dedilər uşaqları çıxarın, amma o gecə heç kim Xocalıdan çıxmadı. Hər gün güllə, atəş səsi eşitməyə alışmışdıq. Elə bilirdik, bu da həmin günlərdən biridi. Sən demə, Xocalının son günü imiş...  Erməni vəhşiləri 11 yerdən hücum elədilər, qoca, körpə, hamilə demədilər, hamını  vəhşicəsinə öldürdülər”.   

Tahirə xanım Xocalıda baş verən qətliamı bir gün belə unutmadığını dilə gətirib: “Həmin dəhşət, o qorxu heç vaxt ürəyimizdən çıxmayacaq. Dünən də bir şəhid verdik, İbrahim Vəliyev. O, bibimoğlu idi, dünən dəfn elədik. Gecə-gündüz Allahdan bir şey istəyirəm, daha şəhid qanı axmasın. O gecədən 28 il ötüb, amma xocalılar o gecənin xofunu hər gün yaşayır. Körpəsindən böyüyünə qədər xocalıların hər biri qəhrəmandı. Bu dəqiqə ocalıdan olan hər kəs, hətta qadınlar belə vuruşmağa hazırdır”. 
 
Xəyal Əliyev isə Xocalı hadisələri zamanı 1 yaşında olub:  “Fevralın 26-da, o dəhşətli gecədə möcüzə ilə sağ qalmışam. Anam məni qucağında o dəhşətin içərisindən güclə çıxarıb.  Amma ailəsindən yeddi şəhid verib. Babam, nənəm, üç xalam, dayım, hamısı itkin düşüb. Yeddi nəfərdən heç birinin cəsədi belə tapılmayıb”. 
 
Oğlunun Xocalıda şücaət göstərdiyini deyən Qənirə Əbilova da dərdini bizimlə bölüşüb: “Biz Ağdam rayonundanıq, oğlum Məzahir könüllü  olaraq Xocalıya polis kimi işləməyə getdi. Dəfələrlə kəşfiyyatlara gedib, salamat qayıtmışdı.

Ağdamla Xocalı arasında Şelli qayası var, həmin gün Məzahir qocaları, uşaqları qayaya qaldırmağa kömək edib. Amma balam geri qayıdanda yoldaşlarıyla birgə mühasirəyə düşüb, çıxa bilməyiblər. Xəbər gəldi ki, Məzahir itkin düşüb”.  
Babası Xocalıda şəhid olan 5 yaşlı Ramil Məmmədov isə söylədiyi şeirini ona ithaf eləyib: 

Mənim qəlbim dağlıdır,
Əlim-qolum bağlıdır.
Ruhum sağsa, haqlıdır,
Başıqallı Xocalı, ay bəlalı Xocalı... 

Afaq Mirayiq 
Foto, video: Fərid Şabanov