ASCO-da dezinfeksiya işləri DAVAM ETDİRİLİR
    • 17-03-2020, 12:05
    • 674

ASCO-da dezinfeksiya işləri DAVAM ETDİRİLİR

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Bu barədə News24.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq, növbəti dezinfeksiya işləri ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid Liman-bazada, Şimal və Damba körpülərində və orada dayanan gəmilərdə, eləcə də “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.