Bakının dərdi var... - SƏSSİZ ŞƏHƏRDƏN VİDEOREPORTAJ
    • 23-03-2020, 21:22
    • 1 000

Bakının dərdi var... - SƏSSİZ ŞƏHƏRDƏN VİDEOREPORTAJ

Qoruyucu əlcək taxmaq, maska geyinmək əllərimizi  tez-tez yumaq, spirtlə dezinfeksiya eləmək...Bəli, bu tələblər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bunlara əməl etməklə biz nəinki özümüzü, hətta ətrafdaki insanları da koronavirusdan qismən qorumuş oluruq.

News24.az xəbər verir ki, hər zaman insan axınının olduğu məkanlarından biri hesab olunan Dənizkənarı Milli Parkdayıq. Buralarda alışmadığımız bir süküt var. Boş oturacaqlar, müştərisiz kafelər, sakit küçələr və mavi dəniz. İnsanı səs-küydən uzaqlaşdıran, rahatlaşdıran bu ab-hava eyni zamanda da qorxudur. Çünki bu səssizliyin özəl səbəbi var - koronavirus. Amma bütün bunlara məhəl qoymadan, sanki heç nə yoxmuş kimi azyaşlı uşaqlarıyla birgə gəzən valideynlərə də rast gəldik. Bununla yanaşı, maskasız gəzən orta yaşlılar da kifayət qədər idi. 

Koronavirus infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ondan qorunmaq üçün bizim ölkəmizdə də bir çox tədbirlər həyata keçirilir. Bir çox ölkələrlə sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşacağı tədbirlər ertələnib. "Moll"arın bağlanmasından bixəbər olan sakinlərin gözləri ticarət mərkəzlərinin qapısında qalmışdı. Amma ümumilikdə əhali bu qərarla tam razıdır.

Ötən gün daha bir qərar isə gözəllik salonlarının fəaliyyətiylə bağlı olub. Gözəlləşmək istəyən insanlar sözügedən məkanlardan ancaq saat üçə qədər yararlana bilərlər. Bütün qaydalara rəğmən,  saat üçdən sonra da öz işlərini davam etdirən salonlar da rast gəlinir. Amma əksər gözəllik salonları isə müştəri qıtlığından şikayətçidir.

Həmsöhbətlərimizin dolanışıq, güzaran qayğılarını anlayışla qarşılayırıq. Amma buna rəğmən, onlardan yaranan vəziyyətin ciddiliyini də dərk etmələrini və qoyulan qaydalara əməl etmələrini də arzulayırıq. Unutmamalıyıq ki, bəşəriyyətin üzləşdiyi bu bəla ilə mübarizə həm də tələb olunan bütün qaydalara riayət etməkdən başlayır.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov