“INNOLAND”də virtual tədbir keçirildi - FOTOLAR
    • 30-03-2020, 11:23
    • 572

“INNOLAND”də virtual tədbir keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən "GIC Innovation Akselerasiya (iX) Proqramı" təlimləri başa çatıb.

"ASAN" xidmətdən News24.az-a verilən məlumata görə, 18 mart tarixində proqram iştirakçılarının proqram ərzində əldə etdikləri bilikləri tətbiq edərək ərsəyə gətirdikləri startapların təqdimatı baş tutub.
Təqdimat Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinə uyğun olaraq koronavirus səbəbi ilə virtual qaydada həyata keçirilib. Belə ki, təqdimatçılar ərsəyə gətirdikləri startapları onlayn olaraq Azərbaycan və Amerikadan tədbirə qoşulmuş münsiflər heyətinə təqdim ediblər.

Stanford Universitetinin təcrübəli mütəxəssisləri tərəfindən tədris olunan 8 həftəlik proqramda tələbələr, təşəbbüskarlar, orta və böyük şirkət rəhbərləri iştirak ediblər. Təlimlərdə Silikon Vadisinin təcrübəsi ilə yanaşı yerli mövzulara uyğun mentorluq və dünya səviyyəli vörkşopların təcrübələrindən də istifadə edilib.

"GIC Innovation Akselerasiya (iX) Proqramı" Stanford Universitetinin "İdeyadan biznesə professional inkişaf" kurikulumu əsasında keçirilən 8 həftəlik proqramdır. Bu unikal proqram startaplarda, şirkətlərdə və dövlət orqanlarında məhsul və biznesin inkişafı üçün innovativ düşüncə formalaşdırır, yerli ekosistemin inkişafı üçün qlobal resurslara çıxışı təmin edir.