Uşaqları koronavirusdan necə qoruyaq? - PEDİATRLARDAN XƏBƏRDARLIQ
    • 30-03-2020, 16:40
    • 1 182

Uşaqları koronavirusdan necə qoruyaq? - PEDİATRLARDAN XƏBƏRDARLIQ

Bütün dünyanı öz ağuşuna alan COVİD 19 infeksiyasının arealı getdikcə genişlənir. Baxmayaraq ki, neçə aylardır bu xəstəlik davam edir,  pandemiyaya qarşı nə peyvənd, nə də tutarlı müalicə üsulu tapılıb. Son günlərdə isə koronavirusdan uşaq ölümlərinin sayının artması valideynlərin daha da təlaşlanmasına səbəb olub. Hər kəsi bir sual maraqlandırır, uşaqları təhlükəli virusdan necə qoruyaq? 

News24.az Azərbaycanın tanınmış pediatrları ilə bu və digər suallara cavab tapmağa çalışıb. 

Bizimlə söhbətdə respubikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, uşaqların immunitetini gücləndirmək ən vacib şərtlərdəndir:  

“Əsas qidalanma yolu ilə immuniteti gücləndirmək lazımdır. Uşaqlar təzə, keyfiyyətli qidalardan, meyvə-tərəvəzlərdən bol-bol yesinlər. Azərbayanda meyvə-tərəvəz çoxdur, istədiyiniz qədər ala bilərsiniz.  Konsentrant tərkibli qidalardan uzaq olsunlar. İmmuniteti gücləndirməyin ikinci yolu açıq, günəşli havada olmaqdır. Bilirəm, indi vəziyyətlə əlaqədar olaraq edən çıxmaq məqsəduyğun sayılmır. Amma heç olmasa həyət evində olanlar uşaqlarını mütləq havaya çıxarsınlar. Digərləri də insanların sıx olmadığı yerlərdə qısa müddətli də olsa, uşaqlarını gəzdirə bilərlər”. 

N.Quliyev onu da əlavə edib ki, valideynlər övladlarının gündəlik yeməklərində daha çox ət xörəklərinə üstünlük versinlər: “Çalışsınlar ki, uşaqlar yüksək kalorili qidalar qəbul etsinlər. Əgər qidaları təsnifatlaşdırsaq, azyaşlıların birinci ət tərkibli, ikinci isə süd və süd məhsulları, qatıq yemələri məsləhətdir. Bağırsaqlarda immuniteti gücləndirmək üçün ən yaxşı vasitələrdən biri süd, qatıq məhsullarının qəbuludur. Üçüncü qida isə meyvə və tərəvəzlərdir, xüsusən də sitrus meyələri. Çörək və un məmulatlarından da bədənin tələbatına uyğun istifadə olunmalıdır. 

Valideynlər elə düşünməsinlər ki, vitamin preparatları verməklə uşaqlarını bəsləmiş olurlar. Bu, doğru yanaşma deyil. Hər qidanın tərkibində lazımi qədər vitaminlər, minerallar olur. Ona görə keyfiyyətli və təzə qidalara üstünlük versinlər”.  

Pediatr Aytən İsmayılzadə də son dövrlər koronavirusun digər virus infeksiyaları kimi uşaqlara təsirsiz ötüşmədiyini bildirib: “Uşaqlar da ona yoluxa da, hətta ölə də bilər. Dünyada bir neçə ölkədə artıq bu virusdan uşaq ölümü baş verib. Bu onu göstərir ki, uşaqlar da bundan sığortalanmayıblar. Bəli, immunitet güclü olmalıdır ki, müqavimət göstərə bilsin. Əgər uşaqda anadangəlmə immunodefisit varsa, biz bunu hec cürə qaldıra bilmərik. İmmunodefisit genetikdir və bu zaman uşağın müxtəlif infeksiyalara qarşı müqaviməti zəif olur.  Bu uşaqların qəti şəkildə xəstələrlə kontaktı olmamalıdır. Ümumiyyətlə, uşaqları toplum olan yerlərə, ad günlərinə, qonaqlıqlara aparılmasına yol vermək olmaz. Hazırda hərarəti olan hər bir uşağa görə təcili yardım çağırılmalı, yaxma götürülməlidir. Uşaqların sağlam qidalanmasına mütləq diqqət olunmalıdır. Şəkərdən az istifadə edilməsinə çalışılmalı, buğda, un məmulatları çox az verilməlidir. Bol tərəvəz, xüsusən də tərkibində vitamin C olan meyvələrlə qidalanmasına diqqət olunmalıdır. Vitamin C o demək deyil ki, uşaq bir dəfəyə 3 portağal yeməlidir, bu, allergiyanın yaranmasına səbəb ola bilər. Vitamin C yalnız portağal, naringidə deyil, almada da var”.

A.İsmayılzadə onu da qeyd edib ki, immun sistemə diqqət edərkən bağırsaq florasını da qorumaq lazımdır: “Hərarət qalxan kimi antibiotik vermək olmaz. Antibiotik virusun yarada biləcəyi fəsadları  tezləşdirir, immuniteti zəiflədir. Bağırsaq florasını möhkəmləndirmək üçün azyaşlılara əsasən qatıq, kələm vermək lazımdır, çünki bunlar təbii probiotiklərdir. Polivitaminlərdən istifadə etməsinlər.  Düzdür, sink qəbulu lazımdır.  Sink immuniteti gücləndirir. Bu da əsasən,  noxud, lobya, quru meyvələr, badam, qoz və fındıqda var. Bəzən valideynlər immuniteti gücləndirmək üçün uşaqlara balıq yağı verirlər, amma mən bunu məsləhət görmürəm. Yəni balıq yağındansa, Sink, vitamin C və tərkibində  probiotiklər olan qidalara üstünlük ermək daha məsəduyğundur. Vitaminlər yalnız hər hansı xəstəliyi olan, vitamin çatışmazlığından əziyyət çəkən, hipovitaminoz vəziyyəti olan uşaqlara həkim təyinatı ilə verilir”. 

Pediatr immunitet üçün daha vacib olan bir amili də nəzərə çatdırıb: “Uşaqları həyətə çıxarmaq mütləqdir.  Evdə qalmaq uşaqlarda aqressivlik yaradır. Təkcə eyvanla kifayətlənmək olmaz. Nəqliyyata minmədən, heç kimlə söhbət etmədən də uşağı gəzdirmək  olar. Çünki qapalı mühitdə qalmaq özü də immuniteti zəiflədir. Havasızlıq anemiyaya gətirib çıxarır. Ruhsal olaraq darıxmaq da immunitetin zəifləməsinə gətirə bilir”. 

Əli Quliyev isə bildirib ki, valideynlər immun sistemin güclənməsi üçün uşaqlara yalnız təbii qidalarla yardım edə bilər: 
“Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. Ayda 3-4 dəfə balıq dadmalıdır. Heç qidalanmayan uşaqlara isə vitamin veririk. Amma bunu da bir müddət etmək olar. Valideyn bir yolla uşağını yedirməyin yolunu tapmalıdır. Bəzən də olur ki, virusa qarşı burun üçün maz, şamlar alırlar. Bunlar yanlışdır, koronavirusa qarşı belə bir dərman yoxdur. Belə preparatlardan istifadənin də mənası yoxdur. Yxşı olar ki, valideynlər uşaqların qidalanmasına fikir versinlər”.

 Pediatr digər həmkarlarından fərli olaraq uşaqları evdən çıxarmamağı tövsiyə edib: “Yaxşı olar ki, uşaqları evdə saxlasınlar. Amma otaqları tez-tez havalandırsınlar. Gəzintiyə çıxarmaq mütləq deyil. Bununla da uşaqları istər böyüklər, istərsə də azyaşlılarla təmasını əngəlləmiş olarlar. Müvəqqəti olaraq çölə çıxmamaq daha məqsədəuyğundur”. 

Afaq Mirayiq