Bakının koronaviruslu halı - VİDEOREPORTAJ - FOTOLAR
    • 1-04-2020, 13:21
    • 947

Bakının koronaviruslu halı - VİDEOREPORTAJ - FOTOLAR

Ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunan gündən hər kəs narahatlıq içərisindədir. Əhalinin bir qisminə yaşına, bir qisminə də koronavirusla mübarizə üçün qoyulan xüsusi qaydalara görə evdən çıxmaq yasaqlanıb. "Evdə qal" tələbinin koronavirusla mübarizədə ən effektli vasitələrdən biri olduğunu bilmələrinə rəğmən, bəzi şəhər sakinləri evdən çıxmaq məcburiyyətində olduqlarını deyirlər. 


News24.az xəbər verir ki, bəşəriyyətin bəlası hesab olunan koronavirus təkcə insanların iş həyatına yox, ərzaq məhsullarının qiymətinə təsir edib.

"Təzə bazar"da sakitçilik hiss olunur. Demək olar ki, heç bir nəfər də olsa, alıcı gözə dəymir. Bu hal satıcıların da ovqatını təlx edib. Son günlər hamının əlimyandı axtardığı sarımsaqla, zəncəfilin qiymətini soruşuruq. Biri baha desə də, digəri malını ondan daha ucuz qiymətə təklif edir.  Bazarda ən çox diqqətimizi çəkən isə bir çox satıcıların ağzında nəinki maska, heç əllərində əlcəyin belə olmamasıydı. 

Yollandığımız növbəti məkan isə Günəşli qəsəbəsində yerləşən "Araz Super Store" marketidir. Burda ab-hava bir başqadır. Supermarketin girişində bütün müştərilərin qızdırması ölçülür və əlləri spirtlə dezinfeksiya edilir. Bununla yanaş,ı müştərilərin arasında məsafə qorunub saxlanılır. Həmçinin də, çörək satılan güşə tamamilə izolyasiya olunub. Çörək almaq istəyən müştəri lentlərin digər tərəfində duraraq istədiyi məhsulu məhz alıcıların əlindən götürür. Bütün un və çörək məmulatları da paketləşdirilib. Lakin marketdə bir müştərinin narazılığı diqqətimizi çəkdi.

Koronavirusdan ən yaxşı qorunmaq vasitəsi hesab olunan sarımsaq və zəncəfilin qiymətlərini də soruşduq. Belə ki, burda sarımsağın qiyməti 7 manatdan başlayır, amma zəncəfil ümumiyyətlə marketdə yoxdur. Bununla bağlı bildirdilər ki, ötən gün marketə 250 kg zəncəfil daxil olub və bir günə də satılıb.

Sözügedən market rəsmisi saytımıza bildirdi ki, sosial şəbəkədə zəncəfilin qiymətinin 45 manata olması haqdakı görüntülər süni qiymət artımı ilə əlaqəlidir. 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov