Azərbaycanda peyvəndlərin vurulma vaxtı dəyişdirilə bilər- baş pediatr AÇIQLADI

Azərbaycanda peyvəndlərin vurulma vaxtı dəyişdirilə bilər- baş pediatr AÇIQLADI
SOSİAL

20 aprel 2020, 13:00

Mətn ölçüsü

Rusiyada koronavirus pandemiyası ilə əlaqədar planlı vaksinasiyalar ertələnib. Qonşu ölkədə hətta dispanserləşdirmə də təxirə salınıb. Bir müddət öncə, aprelin 14-də UNICEF 117 milyondan çox uşağın sağlamlığının qızılca peyvəndləmələrinin ertələnməsinə görə təhlükədə olduğunu açıqlamışdı.

Bəs Azərbaycanda peyvəndlərin vaxtı dəyişdiriləcəkmi? 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, Azərbaycanda pandemiya ilə bağlı peyvəndlərin vurulma vaxtı dəyişdirilə bilər. Onun sözlərinə görə, pandemiya vaxtı planlı peyvənd müəyyən müddətə geri çəkilir:

“Bu, bizdə də mümkündür. Uşaqların poliklinikalara daşınmaması, toplum olan yerlərə getməməsi üçün peyvəndləməni geri çəkmək mümkündür. Burada heç nə dəyişilmir”. 

Baş pediatr qeyd edib ki, xüsusi karantin rejimi ləğv ediləndən sonra uşaqlar peyvənd oluna bilər: “Yəni planlı peyvənd hər bir uşağın doğulduğu gündən hesablanır. Bir gündə Azərbaycanda 400 nəfər uşaq dünyaya gəlir. Bunu bir ay üçün hüsablasaq,  respublika üzrə 10-12 min yeni doğulmuş edər. Peyvəndləmə çox sadə məsələdir. Əgər regionlar üzrə bölsək, bir günə 5-6 uşaq düçəcək. Onları  sonradan peyvəndləsək, heç bir problem olmaz. Peyvəndin vurulma  qaydasında da qeyd olunur ki, tibbi göstəriş, problem görünərsə, peyvəndin vaxtı geri çəkilə bilər”.  

Afaq Mirayiq