"Qızım dadbilmə, iybilmə hissini itirdi..." - Virusa yoluxan azərbaycanlı jurnalist KORONA DƏHŞƏTİNDƏN DANIŞDI
    • 23-04-2020, 17:24
    • 2 497

"Qızım dadbilmə, iybilmə hissini itirdi..." - Virusa yoluxan azərbaycanlı jurnalist KORONA DƏHŞƏTİNDƏN DANIŞDI

Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov və 15 yaşlı qızı koronavirusa 
yoluxub. 
News24.az Almaniyada yaşayan həmyerlimizlə əlaqə qurub, onun və qızının səhhəti ilə maraqlanıb. 

-   Şahin bəy, vəziyyətiniz necədir? Virusa harda yoluxmusunuz?

-   Doğrusu, harda yoluxduğumu özüm də dəqiq bilmirəm. Bilmirəm ki, bu, işimlə əlaqədar oldu, yoxsa, başqa bir yerdə məni yaxaladı. Bircə onu bilirəm ki, öncə qızım özünü pis hiss elədi. Ondan iki gün sonra eyni simptomlar məndə də yaranmağa başladı. Burda test etdilər, məndən əsas soruşduqları o oldu ki, son iki ayda hansı ölkələrdə olmusan? Avstriyada olub-olmamağımla xüsusi maraqlandılar, bununla bağlı sorğu-sual elədilər. Mən də fevralın əvvəlində orda diasporanın tədbirində çəkilişdə olmuşdum. Bəlkə də həmin vaxt yoluxmuşam.  

-    Qızınızda, sizdə ilk olaraq virus özünü necə büruzə verdi? 


-    Qızımda öncə yüksək olmayan hərarət vardı. Amma o, özündən şübhələnirdi. Çox həyəcan keçirirdi. Bilirsiniz də, bu xəstəliyin tibbi baxımdan çox, psixoloji yükü var. Hər kəsə təsir edir. Bir az sonra onda dadbilmə, iybilmə hissiyatı da itdi. Bu, bizi şübhələndirən əsas  əsas əlamət idi. Bundan əvvəlki qriplərdə belə bir şey olmamışdı. Düzü, əvvəl elə zənn edirdik ki, bu da bir qripdi. Düşünürdüm qızım da, mən də qripə yoluxmuşuq. Məndə də qoxubilmə itəndən sonra test etməyə məcbur olduq, təəssüf ki müsbət çıxdı. 

- Bəs müalicə necə aparıldı? Qızınızla bir yerdə karantinə alındınız?
 
- Yalnız qızımla məni yox, bütün ailəni - həyat yoldaşımla oğlumu da da karantinə aldılar. Oğlumun 16 yaşı var. Amma onlar yoluxmadı. Almaniyada yoluxma sayı çox yüksəkdir, birinci beşlikdə qərarlaşıb. Sağalma sayına görə də liderdir. Məsələ burasındadır ki, Almaniyada klinikada deyil, evdə müalicəni məsləhət görürlər. Bu da anlaşılandır, bu qədər insanı xəstəxanaya yerləşdirmək mümkün deyil. Bildirildi ki, mən və ailəm ətraf mühitlə əlaqəni tamamilə kəsilməliyik. Soruşdular ki, bizə ərzaq gətirəcək kimsə varmı? Əgər yoxdursa, bir nəfər könüllü ayrılsın. Beləcə, hər gün iki nəfər bizə ərzaq gətiririb qapının ağzına qoyurdu. 15 gün ərzində həyatımız bundan ibarət oldu. Ondan sonra təkrar test verdik, məlum oldu ki, hər şey qaydasındadır və ondan sonra qadağanı götürdülər. Əgər xəstəliyi keçirən adam qadağan olunan müddətdə çölə çıxarsa,  20 min avroya qədər cərimə edilir. 

O ki qaldı müalicəyə, mənə anlatdılar ki, bu virusun elə bir müalicəsi yoxdur. Antibiotiklərdən istifadə olmaz. Vitamin C, B, Sink qəbul etdim, yəni immunitetin gücləndirilməsinə yönəlmiş preparatlar yazıldı. Bir də iybilmənin bərpası üçün mənə xüsusi qoxulu yağlar verildi. Ümumiyyətlə, ev şəraitində üyüdülmüş qəhvə, sarımsaq kimi kəskin qoxulu məmulatları tez-tez iyləməyi məsləhət gördülər. 

- Bu xəstəliklə bağlı müxtəlif fikirlər var. Bəziləri bildirir ki, çox yüngül keçir, sadəcə çox mübaliğəli təqim edirlər. Bəziləri də deyir ki, əksinə, çox ağır xəstəlikdir. Həm övladınız, həm də siz bu xəstəliyi necə keçirdiniz? 

- Başlayanda bəli,  qrip kimi başlayır, çox guman ki insanları aldadan budur. Amma təəssüf ki, elə davam etmir. Bu virusun bir özəlliyi odur ki, yad virusdur və o, hələ  də, orqanizmə, tibbə tanış deyil. Tibbə bəlkə də tanışdır, sadəcə, vaksini tapa bilmirlər. Yad cisim kimi bədənə düşdükdə bədəndə bir çox proses gedir. Orqanizm virusu tanımadığına görə, insan panikaya düşür və bədənin bütün resurslarını onu məhv etməyə yönəldir. Mənim özümdə müşahidə etdiyim bunlardır. Adamı tamamilə süstləşdirir. Başağrılarım vardı, yata bilmirdim. Bədən, əzələ ağrılarım vardı. İmmunitet tamamilə aşağı düşür, ona görə buna ölümə aparan yol deyilir. Üstəlik də həyəcan... Bilirsiz, aprelin əvvəlində biz yoluxanda həyəcan, qorxu lap çox idi. Almaniyada demək olar ki, hər gün böyük sürətlə yayılmalar vardı. Şükür ki, 10 gündür ki artıq karantin müddəti bitib.

- Dediniz ki, bütün ailə üzvləri bir yerdə - evinizdə qalırdınız. Bəs, ailənizin o biri  üzvləri virusdan necə qorunurdular? 

- Bizə dedilər ki, ailə ilə birlikdə karantində qalmalıyıq. Qızımla mənim karantin müddətimiz  aprelin 7-8-i bitdi. Amma ailəmizin iki üzvü yoluxmamışdı. Yoluxmayan üzvlərinə isə əlavə 14 gün karantin verdilər. Yəni bizim yoluxdurma riskimiz aprelin 7-i bitdi. Bizə dedilər ki, bir yerdə yaşayan insanlardan biri yoluxa,  digəri isə yoluxmaya bilər. Yaxud insanın biri gizli kecirə və başqasını yoluxdura bilər. Onu qeyd etməliyəm ki, evdə əhval ruhuyyə yüksək idi, bir-birimizə dəstək verirdik. Bəlkə də sağalmağımıza səbəb bu oldu. 

Afaq Mirayiq