“Həyatımızı təhlükəyə atırıq, amma...”- 4 saylı uşaq poliklinikasının işçilərindən ETİRAZ -ARAŞDIRMA

“Həyatımızı təhlükəyə atırıq, amma...”- 4 saylı uşaq poliklinikasının işçilərindən ETİRAZ -ARAŞDIRMA
SOSİAL

27 aprel 2020, 15:22

Mətn ölçüsü

“Bütün günü sahələrdəyik, koronavirus təhlükəsi olan ailələrə gedir, yaxmalar götürürük. Amma ölkə başçısının tibb işçiləri üçün nəzərdə tutduğu artımı ala bilmirik”. 

Bunu News24.az-a müraciət edərək kömək istəyən 4 saylı uşaq poliklinikasının tibb işçisi Nurlana Əzizova deyir (ad şərtidir). Onun sözlərinə görə, baş həkim onlar üçün maaşlarına hər hansı əlavələrin nəzərdə tutulmadığını bildirib: 
 
“Baş həkim bizə bildirir ki, sizə heç nə düşmür. Başqa poliklinikalardan da soruşmuşuq, mart ayının əlavəsini apreldə alıblar, aprel ayınınkını isə mayda alacaqlar. Hazırda poliklinikada yalnız sahə həkimləri və tibb bacıları işləyir, digərləri evdədir. Bizi işlətdilər, dedilər ki, sizə pul ayrılıb. Amma biz o artımı almamışıq. TƏBİB-dən də soruşmuşuq, bildiriblər ki, bu məsələ müdiriyyətdən asılıdır. Mart ayında maaşın bir mislini aldıq, əslində isə əlavə ilə 3 misli olmalı idi. Biz həyatımızı belə təhlükəyə atıb işimizi görməyə hazırıq, amma əvəzində hörmətsizliklə qarşılaşırıq. Baş həkimin əməlləri ilə bağlı əvvəllər də şikayətlər olub, amma o, heç kimdən qorxmur, himayədarı olduğunu deyirlər. Buna görə də özbaşınalıq edir”. 
 
Baş həkim: “Biz artıma, əskiyə baxmırıq”
 
Məsələ ilə bağlı 4 saylı uşaq poliklinikasının baş həkimi Zəminə Qaraxanlı ilə əlaqə saxladıq. O, News24.az-a açıqlamasında bildirib ki, mühasibatlıq poliklinikaya tabe deyil: “Poliklinikanın mühasibatı Bakı Baş Səhiyyə İdarəsininə məxsusdur. Kim   şikayət edib, hansı ağzıgöyçəkdi, bilmirəm. Amma biz heç kimin işini azaltmamışıq. Yəqin kimdirsə, maaşını 3 dəfə artırmla almaq istəyir. Evlərə koronavirusla bağlı gedənlər haqda hökumət qərar verib. Martın əvvəlindən axırına kimi tabel vermişdik. Aprelin 16-dan 23-ə qədər olan tabel də dünən verilib. Heç kimin maaşı əskilməyib. Bu məndən asılı deyil.  Biz artıma, əskiyə baxmırıq”. 
 
“Baş həkimlər tibb işçilərinin siyahısını İTSDA-ya göndərməlidir”
 
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova ilə əlaqə saxladıq. O, bildirib ki, tibb işçilərinə əmək haqlarına müddətli əlavələrin verilməsi ilə bağlı Agentlik tərəfindən bütün tibb müəssisələrinə məlumat verilib: “Koronavirusla mübarizə tədbirində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələrin verilməsi ilə bağlı tibb müəssisəsinin əmri olmalıdır. Tibb müəssisələri həmin işçilərin siyahısı ilə bağlı əmri bizə göndərməlidirlər. Hazırda Agentlik müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə hesablamalar aparır. Yaxın zamanda bu barədə növbəti açıqlama veriləcək”.
 
 
Səhiyyə nazirinin müavini: “Tibb işçilərinə müddətli əlavələr ödənilib”
 
Səhiyyə nazirinin müavini Viktor Qasımov News24.az-a bildirib ki, əgər kimsə  narazılıq edirsə, ilk növbədə TƏBİB-ə müraciət etməlidir: “O zaman araşdırlacaq, o tibb işçiləri bilavasitə bu işlə məşğuldurlarsa, müddətli əlavələr onlara da tətbiq ediləcək. Eyni zamanda, tibb işçiləri hərəsi öz işini görməlidir.  Tətbiq olunan bu əlavə koronavirusla mübarizə sahəsinə yönəldilib. Ona görə də bunu araşdırmaq lazımdır”. 
 
“Tibb işçilərinə müddətli əlavələr artıq verilibmi” sualına cavab olaraq- “Bəli, icrasına başlanıb və əlavələr ödənilib”- deyə Viktor Qasımov vurğulayıb. 
 
 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilir:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Qeyd edək ki, bu, poliklinikalardan redaksiyamıza daxil olan ilk şikayət deyil. Qaraçuxur qəsəbəsi 15 saylı Uşaq Poliklinikasının əməkdaşları da istirahət günü işlədiklərini, lakin bunun əvəzində əlavə pul almadıqlarını bildiriblər. 
 
Afaq Mirayiq