4 illik ali təhsil 3 ilə endirilə bilərmi? - "Hər ixtisasa tətbiq edilə bilməz"
Sosial
Milli Məclisdə turizm ixtisası üzrə təhsil alan tələbələrin ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi təklif olunub. Təklifdə qeyd edilib ki, ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir və turistlərin sayının ildən-ilə artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Bu baxımdan sözgedən ixtisas üzrə tələbələrin təhsil müddətinin 1 il endirilsin.
Amma hər bir ixtisas üzrə tələbələrin mənimsəməli olduğu müəyyən tədris proqramı və dərs planı var. Bəs, turizm ixtisası üzrə tədris proqramı bu təklifi gerçəkləşdirməyə imkan verirmi? Üç il ərzində bütün zəruri fənlərin tədrisini təmin etmək mümkün olacaqmı?
Bununla yanaşı, ali təhsilin müddətinin azaldılması hansı digər ixtisaslar üzrə məqsədəuyğun hesab edilə bilər? Hansı sahələrdə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi mümkündür?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, bu təklifi hər ixtisasa eyni şəkildə tətbiq etmək olmaz: “Məsələyə ixtisasın xüsusiyyətlərinə uyğun yanaşmaq lazımdır. Turizmə gəlincə, bu sahə daha çox praktiki bacarıqlar tələb edir. Turizm ixtisasında təhsil alan tələbəyə nəzəri biliklərlə yanaşı, xarici dil, ünsiyyət bacarığı, xidmət mədəniyyəti və real iş təcrübəsi lazımdır.
Bunların çoxunu təhsil müddətini qısaltmadan, sadəcə tədris planını düzgün qurmaqla da təmin etmək mümkündür. Bu gün bir çox universitetin tədris proqramında təkrarlanan, köhnəlmiş və sahəyə birbaşa aidiyyəti olmayan fənlər var. Həmin fənləri çıxarıb onların yerinə peşə təcrübəsini, dil hazırlığını və praktiki məşğələləri gücləndirsək, üç il ərzində lazımi kadr hazırlamaq mümkündür”.
Ekspertin sözlərinə görə, əsas məsələ təhsil illərinin sayı deyil, həmin illərdən necə istifadə olunmasıdır: “Bununla belə, bir şərt var ki, təhsil müddəti qısaldılarsa, təhsilin keyfiyyəti aşağı düşməməlidir. Əks halda, tələbələrə eyni tədris yükünü daha sıx qrafiklə vermiş olarıq ki, bu da onların nəticələrinə mənfi təsir göstərə bilər.
Ona görə də bu dəyişiklik əvvəlcə bir neçə universitetdə pilot layihə kimi sınaqdan keçirilməli, nəticələrə uyğun olaraq genişləndirilməlidir. Eyni zamanda, işəgötürənlərlə və sahə üzrə mütəxəssislərlə mütləq məsləhətləşmələr aparılmalıdır ki, tələbələr məzun olduqdan sonra əmək bazarının tələblərinə cavab verə bilsinlər”.
Əmrah Həsənli bu təklifin digər ixtisaslara da tətbiq edilib-edilə bilməyəcəyi barəsində də danışıb: O bildirib ki, praktik yönümlü, bacarıq əsaslı sahələrdə, yəni xidmət, texniki peşə və tətbiqi xarakterli ixtisaslarda üçillik təhsil modeli özünü doğrulda bilər: “Amma nəzəri və fundamental biliklərin dərindən mənimsənilməsinin vacib olduğu təbiət elmləri, tibb, hüquq və müəllimlik kimi ixtisaslarda təhsil müddətinin qısaldılmasını düzgün hesab etmirəm.
Əlavə olaraq, diplomların beynəlxalq səviyyədə tanınması məsələsini də unutmamalıyıq. Azərbaycan “Boloniya” prosesinin üzvüdür. Tələbə mobilliyi və diplomların tanınması baxımından da bu dəyişikliyin nəticələri diqqətlə hesablanmalıdır” - deyə o, vurğulayıb