Möcüzə gerçək oldu - Transformatorda yanan balaca Kamil AYAĞA QALXDI - FOTOLAR - VİDEOREPORTAJ

Möcüzə gerçək oldu - Transformatorda yanan balaca Kamil AYAĞA QALXDI - FOTOLAR - VİDEOREPORTAJ
SOSİAL / Video / Foto

30 aprel 2020, 12:51

Mətn ölçüsü

Həmin gün bütün uşaqlar kimi məktəbə getmişdi. Yaşıdları ilə birgə məktəbin həyətində qaçıb oynayanda ağlına belə gəlmirdi ki, nə zamansa belə bir dəhşət yaşayacaq. Canı belə yanacaq. Aylarla yatağa məhkum olacaq. Amma ağlına gəlməyən başına gəldi balaca Kamilin. Aylar öncə məktəbin həyətindəki tikiliyə girəndə onu elektrik cərəyanı vurdu. Bədəninin 50 faizdən çoxu yandı. Ağır vəziyyətdə xəstəxanaya çatdırıldı. Sonrası uzunmüddətli müalicələr, dava-dərmanlar, xəstəxana otaqları...Amma Kamilin bu müalicə və müayinələrdə maddi dəstəyə, ciddi yardıma ehtiyacı vardı. Çünki valideynlər onun aylarla çəkən müalicə xərclərini üstlənməkdə aciz idilər. Bu səbəbdən də Kamilin yenidən sağlığına qovuşması onlar üçün mümkünsüz görünürdü.
Az sonra balaca Kamilin anası Mələk xanımın duaları gerçək oldu. Ananın yardım arzusuna iş xanımı, xeyriyyəçi Ruhi Əliyeva dəstək verdi. Kamilin müalicə xərclərini öz üzərinə götürdü. Bu gün bu müqəddəs ayda həmin möcüzə gerçək oldu. Kamil sərbəst addım atmağa, kimsənin yardımı olmadan gəzməyə başladı. İş xanımının dəstəyi, sevgisi və həkimlərin gərgin zəhməti nəticəsində sağlığına qovuşdu.

İndi o, sevincinə şərik olan hər kəsə qapını özü açır. Elə onun addım atacağı günü yaxınları qədər səbirsizliklə gözləyən Ruhi xanımı da qapıda qəhrəmanımız özü qarşılayıb.


Ruhi Əliyeva da Kamilin ayağa qalxmasının sevincini belə ifadə edib: "Təəbii ki, bu hadisə hər birimizin ürəyini ağrıtdı, amma çox sevindim ki, Kamil artıq tam sərbəst şəkildə yeriyir. Ailə hələ mayın ortasına qədər burda olacaq. Həkimlərlə görüşəcəyik, çünki Kamilin hələ də müəyyən yaraları var. Allaha şükür eləmək lazımdır ki, Kamil bu cür ağrılı dönəmdən artıq keçib. Bir az öncə balamızın yaralarına baxıb çox pis oldum, dözə bilmədim. Körpə uşaqdır, onun bu cür ağrıları çəkəcək canı yoxdur axı. Allah balamıza çox böyük bir səbir verib. Nə yaxşı ki, bu uşaq mənim qabağıma çıxdı. Mən onu öz balalarımdan ayırmıram. Yeməyini belə öz əllərimlə hazırlayırdım".
 
Kamilin anası Mələk xanım da balasının addım atmasını göz yaşı ilə izləyib: "Aylardır bu günü gözləyirəm. Şükür olsun, Allah dualarımı eşitdi. Oğlumun yataqdan qalxmasında zəhməti olan Ruhi xanıma, həkimlərə ömrüm boyu duaçı olacam." 


Ruhi Əliyeva azyaşlının səhhətinin yaxşılaşmasında Kamilin səbri, mübarizəsi və anasının zəhmətinin çox böyük önəmi olduğunu da qeyd edib: "Kami bu gün həm özünün, həm anasının qətiyyəti nəticəsində xəstəliyə qalib gəlib. Xüsusən anada o hünər, o güc olmasaydı, uşaq bu cür ağrılı dönəmdən keçə bilməzdi. İnşaallah, Kamil bundan sonra daha da yaxşı olacaq. Mən də əlimdən gəldiyi qədər ona dəstək olacam. Arzulayıram ki, hamı, hər kəs uşaqlara sevgi, nəvaziş göstərsin. Harda uşaq görsəniz, əlinizdən gəldiyi qədər ona yardım edin, çünki onlar bizim gələcəyimizdir".
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov

 

YouTube