“Türkiyə turum təxirə düşdü, amma şirkət pulumu geri qaytarmır”- ŞİKAYƏT

“Türkiyə turum təxirə düşdü, amma şirkət pulumu geri qaytarmır”- ŞİKAYƏT
SOSİAL

02 may 2020, 14:07

Mətn ölçüsü

“İki ay öncə Türkiyəyə 10 günlük istirahət etmək üçün 3100 manatlıq tur paket rezervasiya eləmişdim. Həmin məbləğin 2600 manatını da ödəmişdim. Tur mayın əvvəlində baş tutmalıydı. Amma koronavirusa görə səfərimiz təxirə düşdü. Turizm şirkətindən zəng edib bildirirlər ki, tur avqust ayında baş tuta bilər. Sərhədlər açılsa, tur baş tutsa belə, mən getməyə qorxuram. Necə əmin ola bilərəm ki, orda koronavirus olmayacaq? Bu səbəbdən də səfərdən imtina eləmək istədim. Amma mənə bildirdilər ki, ödədiyim məbləğ qaytarılsa, 25 faiz cərimə olunacam. Axı, mən nəyə görə cərimələnməliyəm? Əvvəldən belə hallara görə hansısa xəbərdarlıq olunmayıb axı?"    

Bunu Aydan Əliyeva adlı oxucu News24.az-a şikayətində bildirib. Bu məsələ ilə bağlı müraciət edən yalnız Aydan deyil. Saytımıza bununla bağlı çoxlu sayda şikayətlər daxil olur.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxladıq.

O News24.az-a açıqlamasında bildirib ki, insanlar tur paket aldıqları zaman müqavilə bağlamalı, şərtləri bilməlidirlər: “Turizm şirkətləri o xidmətləri satırlar, xidmət göstərmirlər. Yəqin həmin şəxs rezervasiyanı hansısa xarici ölkədə edib. Onu da deym ki, dünyada heç kim koronavirusla bağlı problemə hazırlıqlı olmayıb. Nə vətəndaş, nə xidməti göstərən, nə satan şirkət belə bir halla üzləşəcəyini gözləmirdi. Əslində şirkət həmin vətəndaşa hansısa cərimə ilə məbləğin qaytarılmasını, turun vaxtının dəyişdirilməsini, yaxud da  turun əvəzində vauçerin verilməsini təklif edə bilər. O da daha çox yerli şirkətlərdən yox, onların xarici tərəfdaşlarından asılıdır. Tutaq ki, hansısa vətəndaş Azərbaycan şirkəti vasitəsilə Türkiyədə hotelllərdən birini rezervasiya edib. Azərbaycan şirkəti həmin məbləğin üzərinə faiz gələrək o xidməti satır. Yəni şirkətin gəliri həmin cüzi bir faizdədir. Cərimə edən orda xidmət göstərəndi”.

Kənan  Quluzadə onu da əlavə edib ki, dövlətin bu məsələlərdə müdaxilə məhdudiyyətləri var: “Azərbaycan ərazisində Turizm Agentliyi olaraq hüquqi tələblər irəli sürə bilərik, amma başqa ölkədə buna ixtiryarımız yoxdur. Yəni ordakı şirkətlərə təsir göstərə bilmirik. Bu halda bizim Agentlik olaraq vətəndaşları və şirkətləri qarşılıqlı razılığa çağırırıq. Əgər həmin turizm şirkəti cəriməsiz, alternativ vaxt təklif edirsə, bu, ən əlverişli variantdır. Əgər mütləq verdiyiniz maliyyəni geri almaq istəyirsizsə, əlbəttə, orda hansısa itkilər ola bilər. Əlbəttə, kimsə narazıdırsa, məhkəməyə müraciət edə bilər. Amma hamı nəzərə almalıdır ki, koronavirus bütün dünyada yayılıb. Və heç kim belə hadisənin baş verəcəyini proqnozlaşdırmırdı”.

Afaq Mirayiq