AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - SƏRƏNCAM
    • 4-05-2020, 18:40
    • 568

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamda karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verildiyi qeyd olunub.

Sərəncamla AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərinin rəhbərlərinə işə cəlb edilən və edilməyən işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilər xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilməsi, xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi üçün tapşırıq verilib.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi Əminağa Sadıqova həvalə edilib.