"Qızı 4-cü dəfə ilan sancanda məlum oldu ki..." - AZƏR MAQSUDOV-VİDEOMÜSAHİBƏ
    • 6-05-2020, 18:38
    • 4 323

"Qızı 4-cü dəfə ilan sancanda məlum oldu ki..." - AZƏR MAQSUDOV-VİDEOMÜSAHİBƏ

Azərbaycanda tez-tez zəhərlənmə halları baş verir, onun kütləvi xarakter daşıması isə daha çox narahatlıq doğurur. Mövsüm dəyişdikcə zəhərlənmələrin səbəbləri də müxtəlif olur. Əksər hallarda insanların məlumatsızlığı üzündən ölüm hallarının sayı çoxalır.
 
Belə halların qarşısını almaq üçün nə etməli?
News24.az bu və digər suallarla Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, Baş toksikoloq Azər Maqsudova müraciət edib. 
 
“Spirt içmək koronavirusdan qorumur”
 
 - Son dövrlər spirtdən zəhərlənmələrin sayı çoxalıb, kütləvi ölümlər baş verir, bunun səbəbi nədir?  

 - Son zamanlar koronavirus infeksiyası ilə bağlı çağırışa insanlar məsuliyyətlə yanaşdılar. Hər kəs evdə qaldı. Ancaq bunun, yəni evdə qalmağın mənfi tərəfləri də oldu. Spirtli içkiləri qəbul etməklə xoşagəlməyən hadisələr baş verdi. Martın sonundan bu günədək 24 nəfər metil spirti ilə zəhərlənmə diaqnozu ilə mərkəzə qəbul olundu, onlardan 14 nəfərin  həyatını xilas edə bilmədik. Digərlərini isə toksiki-kimyəvi müayinələrdən keçirdik, konsiliumla peşəkar mütəxəssislər dəvət edib tədbirlər gördük, həyatlarını  xilas etdik. Ancaq dediyim kimi, hansı xəstələr ki, çox kəskin, ağır vəziyyətdə gətirilmişdi, onlara həkimlər kömək edə bilmədi. Bu hadisələr bir daha onu sübut etdi ki, evdə qalmaq o demək deyil ki, spirt içmək lazımdır. Spirt qəbul etmək heç də koronavirusdan qorumur. Əksinə, bədənin müqavimətini zəiflədir, həm ağciyərin, həm ürəyin, həm də qara ciyərin fəaliyyətini pozur. Ümumilikdə bədənin müqaviməti zəifləyir, bu zaman da fəsadlar yaranır.  
 
 - Bildirdiniz ki, bəzi insanlar koronavirusdan qorxaraq metil spirti qəbul edib, amma pandemiya dövrünə qədər də, məsələn, yanvar ayında spirtli içkidən kütləvi zəhərlənmələr baş vermişdi. Bəs, o zaman zəhərlənmələr nə ilə bağlı idi?  

 - Çox aktual məsələdir. Ötən il dekabrın 20-dən sonra bizim mərkəzə Təcili Tibbi Yardım vasitəsilə müraciətlər başladı. Xəstələr “viski” adı ilə içdikləri içkidən sonra zəhərlənmişdilər. Baş gicəllənmə, qarında ağrılar, ürəkbulanma, qusma, getdikcə də bu əlamətlər kəskinləşirdi. Onda da biz həmin “viski”ni toksiki-kimyəvi müayinəyə göndərdik, onun tərkibində metil spirti aşkar olundu. O, surraqat (metil tərkibli) məhlulu ilə qatılmışdı və satışa çıxarılmışdı, nəticədə kütləvi zəhərlənmələrə səbəb olmuşdu. Gətirilən xəstələrin 28 nəfərdən 13-nün həyatını xilas etmək mümkün olmadı. Bunların da hamısı yaşca gənc, 23-30 yaş arasında olan xəstələr idi. Çox çalışdıq, amma onların həyatını qurtara bilmədik. Bunlar çox ürəkağrıdıcı hadisələrdir... 

 - Bəs hazırki zəhərlənmələrin səbəbi aptekdən alınan spirtlərdir, yoxsa yenə “viski”dir? 

 - Son dövr zəhərlənmələrin səbəbi aptekdən alınan tibbi spirtlərlə bağlıdır. Çünki biz o məhlulu toksiki kimyəvi müayinəyə göndərdik, onun tərkibində metil spirti aşkarlandı. 

Metil spirtinin satışı qadağandır, amma... 

 - Ümumiyyətlə, zəhərlənmələr evdə olub, yoxsa? 

 - Dekabrda metil spirtindən baş verən zəhərlənmələr əsasən kafedə, ya da restoranlarda baş vermişdi. Ancaq son zamanlar mərkəzə gətirilən xəstələrin 50 faizi ev şəraitində zəhərlənənlərdir. Onlar aptekdən “tibbi spirt” alıb onu içiblər. Bilirsiniz ki, metil spirtinin  əhaliyə satışı qadağandır. Onun 30 ml- dən çoxu, hardasa 2 xörək qaşığı ölümlə nəticələnə bilər. Onlar da həmin spirti 100 qramlıq qablarda əldə edib suyla qarışdırıb içiblər. 

Doktor, elə bir xəstəniz olubmu vəfatı sizdə depressiya yaratsın? 

 - 35 ildən çoxdur ki, həkimlik fəaliyyətiylə məşğulam. Əvvəllər xəstə ölümlərində daha çox sarsıntı keçirirdim. O zaman çox cavan idim. Toksikologiya çoxşaxəli elmdir. O zaman ayrı-ayrı şəhərlərə təkmilləşdirmə kurslarına gedirdim, orda pillə-pillə bu elmi daha ətraflı öyrənirdim. O zaman bir qrup insan zərərli maddə qəbul etmişdi, səylərimizə baxmayaraq, onları xilas edə bilmədik. O hadisə zamanı yaşadığım stressin təsirir bu günə qədər də qalıb. Hələ də yadımdan çıxmayıb... 

 - Sizin sahəyə aid olmasa da, bir həkim olaraq koronavirusla bağlı insanlar arasında bu inamsızlığa münasibət bildirməyinizi istərdim. Əhalidə bir fikir var ki, Azərbaycanda bu virus yoxdur...  

 - Bu faktların üzərində qurulan məsələdir. O ki qaldı inanmamağa, həkimlərin faəliyyəti göz qabağındadır. İnanmamaq mümkün deyil, ona görə ki, xəstələr də çoxdur, fəsadlaşma da çoxdur.  Mən Cənab Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanıma təşəkkür edirəm, çünki onlar bu bəlanın qarşısını almaq üçün nə qədər qabaqlayıcı tədbirlər gördülər. Həmin qabaqlayıcı tədbirlər də müsbət nəticəsini göstərir.  
 
- Pandemiya dövründə sizə müraciət edənlər arasında koronavirusa yoluxan vardımı? 

 - Pandemiya dövründə bizdə xəstə qəbulu bir gün də dayandırılmayıb. Mərkəzimiz 24 saat fəaliyyət göstərir. Buna baxmayaraq, gətirilən xəstələrin hamısı müayinələrdən keçirilir, şübhəli olanların qızdırması ölçülür, test edilir. Bu günə kimi nə bizim kollektivdə, nə həkimlərdə, nə də xəstlərdə koronavirus aşkarlanmayıb.  

 - Dəm qazından zəhərlənmələr tez-tez baş verir. Ötən illə müqayisədə ölüm sayında sayında fərq varmı? 
 
 - Keçən illə müqayisədə, müraciətlər azalıb. Qabaq qışda dəm qazından zəhərlənmələr tez- tez olurdu. Ötən il mediada çıxış etdik və onun müsbət nəticəsi kimi bu halların sayı azaldı. Amma yenə də, yanvar, fevral, mart aylarında dəm qazından zəhərlənmələr çox idi. Bizim mərkəzdə bu il bir nəfər dəm qazından vəfat edib, o da gec gətirilmişdi. Ümumi 216 xəstə olub, onlardan 16-sı azyaşlı uşaqlar idi. Baxmayaraq ki gətiriləndə vəziyyətləri ağır idi,  amma müalicələri aparılandan sonra sağ-salamat evə buraxılıblar. 

 - Mövsümi zəhərlənmələrlə bağlı müraciət edən çoxdurmu?  
 
 - İndi zəhərli göbələyin mövsümüdür. Hazırda onlarla bağlı müraciətlər başlayıb. İyul-avqust aylarında isə əsasən, gürzə ilanın zəhərlənmələri ilə bağlı mütaciətlər olur. Birinci üç xəstə aprelin əvvəlində gürzə ilan sancması ilə bağlı gətirilib. İkisinin vəziyyəti ağır, biri isə orta ağır olub. Onlara zərdab vurulub.  

 - Zəhərlənən zaman ev şəraitində nə etməliyik?  
 
 - Mövsüm başlar-başlamaz pomidor, çiyələk zəhərlənməsi ilə bağlı şikayətlər çoxalıb. İlkin tibbi yardım olaraq insanlar nə etməldirlər? 

İlk olaraq bilmək lazımdır ki, zəhərlənmə nədən olub. Dərman və məhlullardan zəhərlənmə bir az fərqlidir. 22 yaşlı bir xanım 10 gündür ki, xəstəxanamızda müalicə olunur, pomidordan zəhərlənmişdi, çox ağır vəziyyətdə idi. Yalnız bu gün süni aparat olmadan nəfəs almağa başlayıb. Qida zəhərlənməsində gərək mədə restaral qaydada təmizlənsin. Qida qalıqları çıxarılsın, əvvəllər aktivləşmiş qara kömür tabletləri var idi, indi onun əvəzinə təzə müasir gel şəklində preparat var, onu su ilə qarışdırıb, içmək lazımdır. Bu, bəzi dərman zəhərlənmələri zamanı da məsləhətlidir.  

 -  Bəs siz özünüz nə zamansa zəhərlənmisiniz?  
 
 -  (Gülür) Olub. Bir dəfə regionlara gedəndə qidadan zəhərlənmişəm. Amma tez qarşısını almışam, həm biliklərim, həm də məsləhətlər kömək göstərib. Həmkarlarım yanımda olub, tez bir vaxtda məni vəziyyətdən çıxarıblar.  

 - Bu yaxınlarda da səhhətinizdə problem yaranmışdı, indi özünüzü necə hiss edirsiniz?  
 
 - Fevral ayında qan təzyiqim çox qalxmışdı. O ərəfədə bir müddət işə çıxa bilımədim. Yazdılar ki, guya məni xaricə göndəriblər. Heç yerə getməyimə ehtiyac yox idi, bizim xəstəxanada çox peşəkar həkimlərimiz var, onlara müracət etdim. Çox müsbət də nəticə oldu.  

 - Övladlarınızdan sizin davamçınız varmı?  

 - 5 övladım var, oğlum hərbçidir. 4 qızımdan isə ən kiçiyinin bizim peşəmizə marağı var. Ümidim o balacayadı.           
 
 - 35 illik həkim fəaliyyətinizdə pasiyentlərinizlə bağlı ən çox nə yadınızda qalıb?       

 - 5-6 ilin söhbətidir. Bakı kəndlərinin birindən mərkəzə ilan sancması ilə cavan qız gətirmişdilər. Onların həyətində qohumu gürzə ilanını  öldürmüşdü.  Həmin vaxt bu qız da orda olub. Bir neçə gündən sonra onu həyətlərində bulağın yanında ilan sancmışdı. Qızı müalicə eləyib evə yola saldıq. Bir müddət sonra təkrar ilan sancmasından mərkəzə gətirildi.  Bu hadisə 4 dəfə təkrarlandı. Düzdür, ilk dəfə onu  çox böyük çətinliklə  xilas elədik. Amma növbəti dəfələrdə müalicə o qədər də çətin  olmadı. 4-cü dəfədən sonra məlum oldu ki, evin  yaxınlığında ilan yuvası varmış. Yuvanı tapıb həmin ilanı öldürdülər. Sonra maraqlandım, o xanım ailə qurub və hər şey qaydasındadır. 

Azərbaycanda kobra...   

 -  Ötən il Pirallahıdan bir xanımı kobra sancdığı deyilirdi, belə xəstələrdən sizə müraciət edən olubmu?

 - Ümumiyyətlə, Azərbaycanda kobra olmur deyirlər, yəni bizim  təbiətdə yaşamır. Ancaq cənub zonasında bir ara ölçüsü bir metrə qədər olan ilan müşahidə edilmişdi. Bir neçə il davamlı olaraq bizə bu ilan sancmasından müraciət etdilər. Onların təsvir elədikləri kobra ilana çox bənzəyirdi. Amma bu növ ilanlar 2 metr olur.  
 
 - Həyətyanı sahələrdə yaşayanları ən çox narahat edən məsələlərdən biri də budur. Qabaq  belə yerlər vaxtlı-vaxtında dərmanlanırdı.  İndi isə insanlar ilanların hücumlarından qorunmaq üçün özləri ətrafı dərmanlayırlar.  

 -  Həyətində ilandan şübhələnənlər Epidemioloji Dezinfeksiya şöbəsinə müraciət etsinlər. Onların əldə etdiyi dərmanların 100 kv metrə qədər məsafədən sonra təsiri itir. Amma dezinfeksiya şöbəsi isə həmin sahəni o dərmanla işləyirlər. Bundan sonra ilan varsa da, ordan qaçır.  
 
 - Bütün sahələrdə İlan zəhərinə qarşı zərdab varmı?  

Əsasən mövsüm başlayanda həm Toksikoloji Mərkəzə, Səhiyyə Nazirliyinə, həm də TƏBİB-ə lazım olan miqdarı açıqlayırıq. Onlar da operativ şəkildə bunu təşkil edirlər.  Bizdə  ildə 130 xəstə olur. Baxmayaraq ki, karantindir, mövsümi qabaqlayıb tədbirlər görürük. Təcili Tibbi Yardım briqadaları, Mərkəzi Rayon Xəstəxanaları (MRX) , rayon səhiyyə idarələri bu işlə aktiv məşğul olurlar. Bircə qalır kəndlərdə olan məntəqələr, onlar da   MRX ilə və rayon səhiyyə şöbələri ilə əvvəldən əlaqə saxlamalıdırlar ki, vaxtında o zərdabları əldə edə bilsinlər. Çünki TƏBİB-dən bizə bildirilib ki, zərdab yetərincə var.  

 - İlan sancandan sonra hansı müddətədək zərdab vurulmalıdır? 

Bu xəstənin yaşından, müqavimətindən asılıdır. Həm azyaşlılarda, həm yaşlılarda ağırlaşma ola bilər. Nə qədər tez çatdırılsa, zəhərin bədənə təsirini o qədər tez azaltmaq olar. İlan aşağı ətrafları sancıbsa, qorxulu olmaya bilər. Amma əsas təhlükə ya qan damarının üstünə düşməsi, ya da baş nahiyəsindən sancması ola bilər. Onda zəhər daha tez sovrulur, tez bir vaxtda da fəsadlaşma baş verir

İlan sancan zaman ilkin tibbi yardımı necə edilməlidir?  

Əsas tövsiyəmiz odur ki, ilan sancan şəxs hərəkətsiz vəziyyətdə qalsın. Həmin hissəyə buz qoymaq, yeri yodla təmizləmək lazımdır. Bundan sonra xəstə mütləq həkimə aparılmalı, zərdabdan istifadə edilməlidir. 

Narkotikdən zəhərlənənlər əsasən cavanlardı 

 - Bayaq xəstəxananın girişində ağlayan bir qadınla rastlaşdıq. Bizdən balasına görə kömək istəyirdi, oğlunun narkotikdən zəhərləndiyini deyirdi. Balasını bu bəladan qurtarmasını istəyirdi. Belə xəstələr çoxdur?  

Narkotik vasitələrdən zəhərlənmə çox böyük bəladır. Ən ağrılısı odur ki, onlar cavan yaşlarından narkotik aludəçisidirlər. Həm məktəb yaşlı, həm də cavanlar arasında narkotukə maraq var. Getdikcə də narkotiklərin növü dəyişir. İl ərzində Toksikoloji Mərkəzə 40-50 koma vəziyyətində ağır xəstə qəbul olunur. Onlardan 1 və ya 2 nəfəri vəfat edir. Onlar narkotik maddəni vena daxilinə qəbul edirlər. Ümumiyyətlə bundan əziyyət çəkənlər çoxdur. Bununla Narkoloji Dispanser məşğul olur. Onlar mərkəzə huşsuz vəziyyətdə gətirilirlər və burada həyata qaytarırıq. Bundan sonra onlarla davamlı şəkildə həkim- psixiatr bir neçə ay məşğul olmalıdır. 

 Söhbətləşdi: Afaq Mirayiq
Foto-video: Fərid Şabanov