Bu rayonda təbii qazın verilməsi BƏRPA OLUNDU
    • 9-05-2020, 17:45
    • 634

Bu rayonda təbii qazın verilməsi BƏRPA OLUNDU

Nizami rayonunun tez-tez qaz sızmaları qeydə alınan və bu səbəbdən qaz təchizatında fasilələr yaranan 2 küçəsində təcili tədbirlər görməyə ehtiyac yaranıb. 

"Azəriqaz" İB-dən News24.az-a  verilən məlumata görə, 8-ci km qəsəbəsi, Məhsəti və R.Rüstəmov küçələrinin bir hissəsində yerləşən 1200-dən çox qaz istehlakçısı Məhsəti küçəsindən keçən 159 mm diametrində yeraltı orta təzyiqli qaz kəməri vasitəsilə təbii qazla təmin olunur. Qeyd olunan qaz kəmərinin korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşdüyünü və tez-tez qaz sızmalarının baş verdiyini nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi ərazidə əsaslı təmir işləri aparıb.

Mövcud kəmərin 300 metrlik hissəsi 225 mm diametrində olan polietilen kəmərlə əvəz olunub və 5 yerdə müxtəlif diametrli çıxışlar verilməklə qoşmalar aparılıb. Prosesin tez bir zamanda yekunlaşdırılması üçün adları çəkilən küçəyə qayakəsən, ekskavator, özüboşaldan maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. İki gün ərzində xəndək qazılıb, 3 yerdə avtomobil yolu keçilib, qaynaq edilən yeni borular xəndəyə qoyulub və daha sonra qazılmış yerlərdə doldurma işləri aparılıb. Təmir işləri tamamlanıb. Artıq Məhsəti və R.Rüstəmov küçələrinin sakinləri qazı yeni kəmərlə qəbul edirlər.