"Sabah bir yağış yağacaq ki, tut ucundan, göyə çıx" - EKOLOQLAR GÜNÜNƏ ÖZƏL VİDEOREPORTAJ
    • 23-05-2020, 11:47
    • 2 619

"Sabah bir yağış yağacaq ki, tut ucundan, göyə çıx" - EKOLOQLAR GÜNÜNƏ ÖZƏL VİDEOREPORTAJ

“Sabah hava isti olacaq”, “Güclü külək gözlənilir”, “Dolu düşəcək” kimi proqnozları hər gün səbirsizliklə gözləyir, həyatımızı, planlarımızı, hətta geyimimizi belə bu frazalara bağlayırıq. Amma sadə görünən bu ifadələrin arxasında böyük kollektivin gərgin əməyi durur. 

Bu gün, 23 may - onların peşə bayramıdır, ekoloqların günüdür.

Bu məqsədlə də News24.az-ın əməkdaşları yolunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən salıb. Sinoptiklərin iş prinsipi, hava proqnozunun hazırlanma prosesini izləyib.
 
Nazirliyin binasına daxil olar-olmaz Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva ilə qarşılaşdıq. Hər kəsin tanıdığı Umayra xanımla uzun illərin təcrübəsindən, bu sahənin özəlliklərindən danışdıq: “Əvvəla, ekoloqlar günündə bizi xatırladığınıza görə sizə minnətdarlığımı bildirirəm. Bəli, bu sahədə uzunmüddətli təcrübəyə malik olan mütxəssislərdən biriyəm. Çünki mənim hidrometerologiya sahəsində təcrübəm 1990-cı ildən başlayıb. Hidrometeorologiya çox maraqlı elm sahəsidir. Bu sahədə çalışanlar həm müasir texnologiyalarla tanış olmalı, həm də riyaziyyat, fizika, coğrafiya sahəsində bilikli olmalıdırlar. Həqiqətən də nadir sahələrdən biridir ki, iş fəaliyyətinin nəticəsini sən hər gün izləyə bilirsən. Nəinki sən, xidmət göstərdiyin bütün sahələr, ən önəmlisi isə Azərbaycan vətəndaşları bizim fəaliyyətin nəticəsini hər gün izləyir”. 



Təhlükəli hidrometeoroloji hadisələrin sayı artıb... 

U.Tağıyeva proqnozların hazırlanmasında bir sıra dəyişikliklərin edilməsindən söz açıb: “Texnologiyalar sürətlə inkişaf edir, rəqəmli modellər tətbiq olunur. Amma yeni modellərin tətbiqi ilə proqnozlaşdırma prosesi yüngülləşib desək, səmimi olmarıq. Çünki son dövrlərdə 20-30 il əvvəl müşahidə olunan iqlim dəyişikliyini, proseslərin inkişafını, gedişatını biz indi izləyə bilmirik. Yəni iqlimşünaslığın korifeyləri olan Mədətzadə, Şıxlinskinin əsərlərində əksini tapan o klassik proseslər indi nadir hallarda izlənilir. İqlim dəyişmələri bütün eko sistemlərdə, eyni zamanda atmosferdə baş verən proseslərdə öz təsirini göstərir. Bu proseslər müxtəlif transformasiyalara məruz qalırlar. Tutaq ki, isti hava dalğaları daha davamiyyətli olur və onların proqnozlaşdırılmasına, əlbəttə, xüsusi diqqət yetirməliyik. Bununla yanaşı, təhlükəli hidrometeoroloji hadisələrin sayı bütün dünyada artıb. Bu dinamika Azərbaycanda da müşahidə olunmaqdadır. İqlimin nisbətən sabit olduğu 60-90-cı illərdəki məlumatları ilə son onillikləri müqayisə etsək, ekstremal hadisələrin daha tez-tez təkrarlandığını görəcəyik”.
                            

Qarşıda isti dövrlər gözlənilir

Xidmət rəisi qeyd edib ki, son 20 ildə doludüşmə proseslərinin intensivliyi də 5-6 dəfə artıb: “Abşeron yarımadasında son 30 ildə 25 metrdən artıq olan güclü küləkli günlərin sayı artmaqdadır. Eyni zamanda 35 dərəcədən yüksək olan isti günlərin də sayı artmaqdadır. Qarşıda isti dövrlər gözlənilir. Əgər keçmişdə bu proseslər 1-2 gün davam edirdisə, indi isti hava dalğaları bir həftəyədək uzanır. Bu da insanların sağlamlığı üçün müəyyən risklərlə nəticələnir. Belə olduğu üçün də hidrometeoroloji təminatın və bizim sahənin əhəmiyyəti artır. Nəinki Azərbaycanda, bütün dünyada bu proseslər ciddi müşahidə olunur". 

Umayra xanım bəzən hava proqnozlarının özünü doğrultmadığını da dilə gətirib: "Dünyada belə bir meteo xidmət yoxdur ki, il ərzində hər bir günün proqnozunun yüz faiz doğru çıxmasıyla öyünsün. Ümumdünya Hidrometeorologiya Təşkilatının məlumatlaranda da, İngiltərə, Almaniya, Yaponiya və digər ölkələrin məlumatlarında da, anoloji hallarla qarşılaşırıq. Qısamüddətli proqnozun doğruluğu fəsildən asılı olaraq 93-95 faiz arasında dəyişir. Bundan yüksək nailiyyət əldə etmək, demək olar ki, mümkün deyil. Əlbəttə, proqnozların dəqiqliyini artırmaq üçün bir neçə amil -meteoroloji şəbəkənin müasirləşdirilməsi, avtomatlaşdırılması, yeni müşahidə sistemlərinin tətbiqi mütləqdir. Azərbaycanda artıq bu proses keçən ildən başlayaraq aktiv həyata keçirilir. 

Əvvəlcədən təhlükəni müəyyən edən dopler lakatorlar…
 
Bir məqamı da diqqətinizə çatdırım ki, dünyanın bütün meteo mərkəzləri müasir dopler radarları ilə fəxr edə bilməz. Amma Azərbaycanda artıq bir ildən çoxdur ki, müasir müşahidə sistemi olan dopler lokatorlar quraşdırılıb. Onlardan biri Şamaxıda, digəri isə Göygöldədir. Yaxın zamanda bu dopler lokatorların istifadəyə verilməsi planlaşdırılır. Onların tətbiqi bizə bir sıra imkanlar yaradacaq. Onların yardımı ilə 3-4 saat öncədən məkan və zaman üzrə daha dəqiq hidrometeoroloji məlumatlar əldə olunacaq. Məsələn, kəskin yağıntılar nəticəsində respublikanın dağ çaylarında daşqınlar əmələ gəlir. Həmin o dopler lokator 3-4 saat əvvəldən hansı çayda daşqın olacağını bilməyimizə imkan yaradacaq. Əgər hansısa ərazidə təhlükəli təbiət hadisəsi gözlənilirsə, dopler lakator bizim ərazini müəyyənləşdirməyimizə və insanları məlumatlandırmağımıza yardımçı olacaq. Azərbaycanda daha 3 lakatorun 2030-cu ilədək quraşdırlması nəzərdə tutulub". 

U.Tağıyevanın verdiyi dolğun məlumatların ardınca, Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev hava proqnozu hazırlanarkən hansı parametrlərdən istifadə edildiyini əyani olaraq nümayiş etdirib:"Havanın temperaturu psixrometrik köşk vasitəsilə ölçülür ki, onun da içərisində iki termometr yerləşdirilib. Eyni zamanda, onun içərisində havanın nisbi rütubətini ölçən cihazlar da var. Bəzən deyirlər, açıq havada, yaxud maşınların içində termometr 40-45 dərəcə göstərir. Bu düzgün deyil, o havanın temperaturunu əks etdirmir. Köşkün termometrə təsir etməsi üçün o, yer səthindən 2 metr yüksəklikdə yerləşdirilir. Rayonlardakı müşahidəçilərimiz hər 3 saatdan bir havanın temperaturunu ölçür və nəticəni kodlaşdırılmış qaydada Milli Hidrometeorologiya Xidmətinə göndərir”. 
 

“Adi termometrlər havanı düzgün ölçə bilməz”

A.Verdiyev atmosfer yağıntısını ölçən növbəti qurğu, tretyakov cihazı haqqında da məlumat verib: “Mərkəzimiz gün ərzində iki dəfə əraziyə düşən yağıntının miqdarını hesablayır. Müşahidəçilər səhər saat 06:00-da yağıntının miqadırını millimetrlə ölçür və bu məlumatı da  kodlaşdırılaraq göndərir”. 

Daha bir qurğu isə küləyin sürətini ölçən cihazdır. Asif müəllim deyir ki, bu qurğu da yer səthindən 10-12 metr yüksəklikdə quraşdırılır: “Qurğu vasitəsilə hər üç saatdan bir küləyin istiqaməti ölçülərək xidmətə göndərilir. Gördüyünüz bu kiçik meydançada havanın temperaturu, külək, yağıntı hər üç saatdan bir, 24 saat ərzində ölçülərək xidmətin müvafiq bölməsinə göndərilir. Bunlar ənənəvi- insan əməyi vasitəsilə başa gələn üsuldur. 



Artıq bizdə günəş paneli ilə qidalanan müasir avtomatik stansiyalar da quraşdırılıb. Bu qurğu insan müdaxiləsi olmadan avtomatik havanın parametrlərini ölçür. 68 ədəd belə avtomatlaşdırılmış qurğu ölkə ərazisində küləyin sürəti, yağıntının miqdarı, atmosfer təzyiqi, torpağın temperaturunu hesablayır. Eyni zamanda nisbi rütubəti ölçən cihazlar da var. 
Baş hidroloqla söhbətimizin ardından məlumatların cəmləşdiyi Hidrometeoroloji Proqnozlar Bürosuna yollandıq. Bir-birindən yaraşıqlı xanımların çalışdığı büronun direktoru Gürşad Məmmədova hava proqnozunun toplanmasını belə anlatdı: "Növbətçi sinoptiklər hər 3 saatdan bir məlumatı alır və gündəlik bülletendə qeyd edirlər. Səhər sinoptiklər işə gələn kimi müşahidə olunan faktiki hava şəraiti üzərində təhlillər aparırlar. Bundan sonra sinoptik xəritələr üzərində işləyir və proqnoz xəritələrini təhlil edirlər. Mütəxəssislər tərəfindən gün ərzində sutkalıq, iki sutkalıq, qısa və uzunmüddətli prqonozlar hazırlanır. Həftəlik, aylıq, hətta gələn ay üçün də proqnozlar olur. Məsələn, may-iyun ayı üçün iqlim xarakteristikasının hazırlanması işləri gedir. 
 
Proqnozların tərtibatını və keyfiyyətini artırmaq məqsədilə Proqnozlar Bürosunda 2004-cü ildən Türkmedcup sistemi quraşdırılıb. Sistem gün ərzində 12 saat fərqi ilə yenilənir. Proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir. Türkmedcup sistemi vasitəsilə 3 saatdan bir atmosfer yağış, külək və s. atmosfer hadisələrinin necə dəyişdiyini xəritələrdən görmək mümkündür. Proqnozların dəqiq olması üçün peyk görüntüləri də əsas vasitələrdəndir. Peyk görüntülərinin digərlərindən fərqi məlumatın onlara nisbətən daha dəqiq olmasıdır. Peyk görüntüləri də hər 3 saatdan bir yenilənir”. 

“Evlərini təmir edənlər də bizə zəng vurub havanı soruşur”
 
G.Məmmədova qeyd edir ki, Proqnozlar Bürosu növbəli iş rejiminə əsaslanaraq fəaliyyət göstərir: “Gün ərzində 8 dəfə 3 saatdan bir məlumatlar gəlir. Daha sonra həmin məlumatlar kompüterdə yığılaraq email və faks vasitəsilə təşkilatlara çatdırılır. Hava şəraitində kəskin bir dəyişiklik gözlənəndə də xəbərdarlıqların hazırlanması prosesi gedir. Bu xəbərdarlıqlar Azərbaycan Respublikasının 7 iqlim bölgəsi və Xəzər dənizinin 6 akvatoriyası üzərində hazırlanır və iki gün əvvəldən çatdırılır. Xəzər dənizində hava şəraitinin dəyişməsi, gülcü külək, dalğanın sürətlənməsi baş verərsə, bu halda bir neçə gün öncədən məlumat veririk”.

Gülşad xanım deyir ki, Büroya vətəndaşlar tərəfindən çoxsaylı zənglər də daxil olur: “Proqnozların vaxtında verilməsi təhlükəli hadisələrin qarşısının alınmasında bizə köməklik göstərir. Elə insanlar da var ki, hava şəraitinin necə olacağı onlar üçün böyük əhəmiyyət daşıyır. Zəng edib deyirlər ki, “Külək nə vaxt səngiyəcək, səhhətimə pisbtəsir edir”, yaxud da bağçılıqla məşğul olan fermerlər zəng vurub deyirlər, "yağış yağacaqmı?". Hətta evlini təmir edənlər də havanın necə olacağını soruşurlar. Vətəndaşlara xidmət etdiyimizi, onlara köməyimiz dəydiyini hiss edəndə çox xoşbəxt oluruq”. 
 
News24.az kollektivi adından ekoloqlarımızı bu gün münasibəti ilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq.  

Söhbətləşdi/Afaq Mirayiq

VİDEO/ Fərid Şabanov
FOTO/ Nurlan GM