"Fitrə necə və saat neçədə çıxarılmalıdır?" - Hacı Şahin danışır
    • 23-05-2020, 17:12
    • 2 004

"Fitrə necə və saat neçədə çıxarılmalıdır?" - Hacı Şahin danışır

Bu gün “11 ayın Sultanı” adlandırılan Ramazan ayı başa çatır. Ramazan ayının vacib əməllərindən biri oruc tutaraq Allaha ibadət etməkdirsə, digəri bu müqəddəs ayın son günündə fitrə zəkatı verməkdir. İslam dininin şərtlərinə görə, müsəlmanlar mübarək ayın sonuncu axşamı ailə üzvlərinin sayına uyğun fitrə çıxarmalıdırlar. Amma hər zaman fitrənin məbləği və onun kimlərə verilməli olduğu ilə bağlı dindarlar tərəfindən müxtəlif fikirlər səsləndirilir.

News24.az Azərbaycan Ramazan bayramında fitrə-zəkatın necə çıxarılmalı olduğunu araşdırıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bu barədə açıqlama verib. O, açıqlamasında bildirib ki, Fitr bayramının yeganə vacib ibadəti fitrə zəkatıdır, digər ibadətlər isə tövsiyə xarakterlidir. Hacı vurğulayıb ki, fitrə sabah bayram namazınadək, yəni axşam saat 8-dək ödənilməlidir: “Fitrə zəkatı vacib olan hökmdür. Kimin imkanı olarsa və fitrə zəkatı ödəməzsə onun orucu qəbul olunmaz. İmkanı olan şəxslər hökmən fitrə zəkatı ödəməlidir. Fitrə zəkat bayram axşamı ayrılır. Bu axşamdan yəni 23-dən 24-nə keçən gecə. Fitrə bayram namazına qədər, yəni sabah saat 8-ə qədər ödənilməlidir. Fitrə zəkatının miqdarı adam başı 3 kq düyü, buğda, arpa, xurma və s. ərzaqlardır. Müasir dövrün tələblərini nəzərə alaraq, yaxşı olar ki, fitrəni ərzaqla deyil, onun ekvivalenti olan pul miqdarı ilə çıxartsınlar. Yəni ailədə neçə üzv varsa hər adam başına bunun məbləği hesablanıb ödənilməlidir. Bu da təxminən 10-15 manat dəyərində müəyyən edilir. Təbii ki, bu da imkanı olan şəxslərə aiddir. Yaxşı olardı ki, hər kəs, xüsusilə ailə başçıları fitrə zəkatını birbaşa özləri ödəsinlər”.
 
Haci Şahinli vurğulayıb ki, bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxartsın: “Öhdəsində olan adamlar dedikdə ailə üzvləri, qonaqları, baxdığı insanlar və s. nəzərdə tutulur. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə zəkat vacib olmasa da, zəkat vermələrində bir eyb yoxdur. Həmçinin borcu olanların fitrə zəkatını verib-verməməsi onların maddi durumundan asılıdır: əgər borcun qaytarılmasına təsir etməyəcəksə, fitrə çıxarmalıdırlar”.

Fitrə zəkatı mömin fəqirlərə çatdırılmasını xüsusilə vurğulayan H.Şahinli mömin fəqir tapmaq mümkün olmadıqda, onu istənilən müsəlman fəqirə verməyin mümkün olduğunu bildirib: “Vacib olmasa da, tövsiyə olunur ki, insan qohum və qonşuluqda olan fəqir möminlərə fitrə zəkatını versin. Fəqir dedikdə, gəliri ilə zəruri dolanışığını qarşılaya bilməyən şəxs nəzərdə tutulur. Mömin isə, dinin bütün əsaslarına inanan şəxsə deyilir, hətta ibadət etməsə belə”.

Tanınmış ilahiyyatçı bildirib ki, fitrə zəkatı çıxartmaq üçün heç bir qayda qanun yoxdur. O ki qaldı başına doluyub verənlərə ilahiyyatçı bunun düzgün olmadığını diqqətə çatdırıb: “Fitrənin verilməsi üçün heç bir qayda qanun yoxdur. Fitrəni verən adam fəqirin heysiyyatını və izzətini qorumalıdır. Belə ki, onu alçaldacaq tərzdə yardım etməməlidir. Seyyid fəqirlərə yalnız seyyidlər fitrə zəkatı verə bilər. Zəkatı bayramdan öncə çıxartmaq olmaz. Onu bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya saxlamaq olmaz. Üzürlü səbəbdən zöhr azanına kimi fitrəni çıxara bilməyənlər, ayırdıqları pulu sonra da verə bilərlər. Onun ödənilməsini etibarlı insanlara həvalə etmək də olar”. 

İmkandan asılı olaraq daha ucuz və ya daha baha ərzaqın qiymətinə əsasən də fitrə çıxarmağın mümkün olduğunu qeyd edən ilahiyyatçı bildirib ki, hər kəs özü bazar qiymətləri ilə fitrəsininin miqdarını müəyyən edə bilər: “Hədislərdə buyurulur ki, fitrə zəkatı ödəyə bilənlər bu əməldən boyun qaçırarsa, orucları qəbul olmaz. Çünki, orucun bizə öyrətdiyi başlıca dərs maddiyata bağlanmamaq, başqaların dərdinə yanmaq və yardımlaşmaqdır”.

Sonda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi bu il ilk dəfə məscidlərdə insanların namaz qılmayacağına münasibətini bildirib: “İlk dəfədir ki, belə bir hadisə ilə qarışlaşırıq. Koronavirus səbəbindən məscidlərdə ilk dəfə insanlarla toplum şəkildə bayram namazı qılınmayacaq. Amma buna baxmayaraq, məscidlərdə bütün dini ayinlər icra olunacaq”.