“Səndən beləmi ayrılacaqdıq?” - "Son zəng"i çalınmayacaq MƏZUNLAR AĞLADI

“Səndən beləmi ayrılacaqdıq?” - "Son zəng"i çalınmayacaq MƏZUNLAR AĞLADI
SOSİAL

30 may 2020, 14:08

Mətn ölçüsü

“Həyatımın ən unudulmayan 11 ilini səninlə yaşadım, doğma məktəbim. 1-ci sinfə gəldiyim ilk gün dünən kimi yadımdadır. 11 il səninlə birgə olduq, o partalar arxasında necə günlərim keçdi. Birgə sevindik, birgə ağladıq. Sonda da belə  ayrılıq... Səndən beləmi ayrılacaqdım, əziz məktəbim? Nə sən, nə biz buna layiq idik. 11 il mənə verdiyin biliklər, qazandırdığın dostlar üçün sənə ömrüm boyu minnətdar olacağam”. 

Bu, 11-ci sinif şagirdi Nurlan Mövsümovdur.



News24.az-a danışan məzun bu il "Son zəng"in keçirilməməsindən çox üzüldüyünü bildirib. 



Ləman Əliyeva da bu il 11- ci sinfi bitirir. Göz yaşını saxlaya bilməyən məzun "Son zəng"lə bağlı arzularının, xəyallarının puç olduğunu deyir: "Bu gün məktəbin qabağından keçdim, ona həsrətlə baxdım. Pəncərədən öz partamı axtardım... Neçə aylar idi ki, biz bu gün üçün hazırlaşırdıq, musiqimizi, rəqslərimizi, paltarlarımızı belə seçmişdik. Amma bütün istəklərimiz puç oldu. İndi nə müəllimlərimizdən xeyir-dua ala biləcək,  nə məktəbimizlə vidalaşa biləcəyik. Niyə axı bu hadisələr bizim bəxtimizə düşdü..." 


11-ci sinfə dərs deyən bir neçə müəllim də News24.az-a “Son zəng”in baş tuta bilməməsiylə bağlı təsirləndiklərini deyib. İngilis dili müəlliməsi Sevda Əliyeva deyir ki, bu vəziyyətdən tək şagirdlər deyil, müəllimlər də məyus olublar: "Son zəngin baş tutmamasının nə demək olduğunu mən yaxşı bilirəm. Mən məktəbi 1992-ci ildə bitirmişəm, onda Şuşa ilə Laçın işğal olundu, bu səbəbdən də bizim məktəbdə Son Zəng baş tutmadı. Bir tərəfdən torpaqlarımızı itirmişdik, onun dərdi, digər tərəfdən oxuduğumuz dövrün çətinliyi, o biri tərəfdən də Son zəng keçirə bilməməyimiz...  Çox üzülmüşdük. Amma nə etmək olardı. Bizimki də belə yazılmışdı. Ona görə məzunlarımıza  demək istəyirəm ki, sizlərin, insanlarımızın can sağlığı hər şeydən önəmlidir. Biz sizdən daha ağır hadisələr yaşamışıq. Amma şükür, indi ölkəmizdə əmin-amanlıqdır. Biz yaşadığımız o cür qorxular, dəhşətlər yoxdur. İnşaallah, pamdemiya bitər, yenə də bir yerə toplaşarlar. Məzun olmağın dadını çıxararlar”.
Coğrafiya müəlliməsi Aygün Məmmədova isə deyib ki, "Son zəngi"n keçirilə bilməməsi onun  da yadına illər öncə yaşadığı xatirəni salıb: "Valideynlərimin istəyilə 9-cu sinifdə məktəbdən ayrılmalı oldum. Yəni yaşıdlarım kimi 11-ci sinfi bitirmədim. Və mənim üçün şagirdlərin arzuladığı o təsirli, möhtəşəm Son Zəng çalınmadı. Bu, həyatımda çox dərin iz buraxdı. İçimdə bir inciklik, bir umu-küsü, bir ağrı qaldı. Bu səbəbdən hər il məktəbdə Son Zəng çalınanda mən də məzunlarıma qoşulub ağlayıram. O özəl günü şagird kimi yaşaya bilmədiyim üçün təəssüflənirəm. Hətta elə anlar olur ki, həyatımdakı uğursuzluqlarımı da Son Zənglə bağlayıram. Düzdür,  bu gün uğurlu karyera qurmuşam,  həyatda özümü təsdiqləmişəm.  Amma o təəssüf ömrüm boyu mənimlə yaşayacaq. Bu gün də məzunlarım oxşar aqibət yaşadıqları üçün üzülürəm. Onların nə hiss etdiklərini gözəl başa düşürəm. İstəməzdim ki, onların da həyatında bu özəl günlə bağlı kədər iz salsın”. 



Qeyd edək ki, bir müddət öncə Təhsil naziri Ceyhun Bayramov  pandemiya ilə əlaqədar bu il “Son zəng”in online keçiriləcəyini ehtimal etmişdi. 
Son günlər karantin rejiminin yumşaldılması isə məktəblilərdə Son Zəng tədbirlərinin iyunadək təxirə salınması ilə bağlı ümid yaratdı. 
Bununla bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. O bildirdi ki, şagirdlərə bu haqda xoş xəbər verə bilməyəcək. Çünki hələlik bununla bağlı hansısa qərar verilməyib: 
“Nə nazir, nə də biz istəyirik ki, uşaqların "Son zəng" arzuları baş tutmasın. Elə bilməyin ki, "Son zəng"in online keçirilməsi nazirin xoşuna gəlir. Hamımız üçün önəmli olan şagirdlərimizin sağlamlığıdır. Əgər adamlar bir yerə toplaşıb, COVİD 19 -a tutulacaqsa,  belə addım atmağa məcburuq. Mən ehtimallar haqqında danışa bilmərəm. Hər hansı bir şərhim səhv yozula bilər. Bu məsələdə səlahiyyət sahibi var və onlar birgə kollegial müzakirələrdən qərar çıxaracaqlar. Ona görə də xahiş edirəm, gəlin, tələsməyək”.


Qeyd edək ki, Azərbaycanda ümumtəhsil məktəblərində "Son zəng" iyunun 14-də qeyd edilir.


Afaq Mirayiq