Karantində yazılan cərimələri ödəməyənlər HƏBS EDİLƏCƏK
    • 3-06-2020, 10:20
    • 1 107

Karantində yazılan cərimələri ödəməyənlər HƏBS EDİLƏCƏK

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanıb. Cəriməni ödəməyən şəxs inzibati qaydada həbs də edilə bilər.
 
News24.az-ın xəbərinə görə, cərimə olunan və cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.
 
Cəriməni ödəməyənlərlə bağlı hansı tədbirlər görüləcək?
 
Vəkil Anar Məmişov Musavat.com-a açıqlamasında bildirib ki, məhkəmə qərarından sonra məcburi icranın müxtəlif üsulları var: “İlk olaraq əməkhaqqına yönləndirilir. Əgər rəsmi əmək haqqı yoxdursa, əmlakına, bankdakı puluna yönləndirilə bilər. İcra orqanı tərəfindən vətəndaşın rəsmi maaşı olmasa da aylıq gəlirinə baxıla, həmin gəlirdən tutula bilər”.
 
Vəkil işləməyən, adına əmlak olmayan şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib: “İşləməyən, gəliri olmayan şəxsə icra orqanı tərəfindən xəbərdarlıq edilir. Əgər şəxs cəriməni yenə ödəmirsə, bu zaman inzibati qaydada həbs qərarı çıxarılır. Bununla da inzibati cəriməni inzibati həbs əvəz edir”.
 
Qeyd edək ki, karantin rejimini pozan minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.
 
Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər. Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.
 
İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.
 
Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək  cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.
 
Cəriməni ödəməyən şəxslərlə bağlı inzibati qaydada 1 ay müddətinə həbs qərarı çıxarıla bilər.