"Burada koronavirus at oynadır" - Bakıdakı marketlərdə hər kəs ağız-ağıza - VİDEOREPORTAJ - FOTOLAR
    • 5-06-2020, 21:37
    • 1 395

"Burada koronavirus at oynadır" - Bakıdakı marketlərdə hər kəs ağız-ağıza - VİDEOREPORTAJ - FOTOLAR

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi son qərarlara əsasən, şənbə və bazar günləri hərəkət tamamilə məhdudlaşacaq. Bu səbəbdən də şəhər sakinləri iki günlük ərzaq almaq üçün marketlərə axışır. Nəticədə, mağazalarda "iynə atsan, yerə düşməz" vəziyyəti yaranıb. Kimisi həftəlik, kimisi iki günlük, kimisi də “palaza bürün, ellə sürün” deyib alış-veriş edir. 

News24.az xəbər verir ki, olduğumuz bir neçə böyük marketdə alıcılar ağzınadək dolu arabalarla kassada növbəyə düzülmüşdü. Hətta bu növbələrin ucu-bucağı görünmürdü, desək, daha doğru olar. Eyni zamanda paytaxtın ən iri super-marketlərinin birinin PR və marketinq şöbəsinin müdiri Mahir Həsənov bildirib ki, dünəndən başlayaraq alıcı sıxlığı yaranıb. Hətta ötən gün sözügedən market 24 saat çalışmaq məcburiyyətində qalıb.

Yaranan vəziyyəti nəzərə alaraq xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin bu qərarları insan sıxlığının qarşısını almaq üçün verilib. Amma bu mənzərə qorxduğumuzu başımıza gətirə bilər. Bu səbəbdən də, qoyulan qaydalara ciddi şəkildə əməl etməliyik. Əks halda özümüzü və sevdiklərimizi təhlükəyə atmış oluruq.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov