"Uşaqlarınızı hovuza apara bilərsiniz"- BAŞ PEDİATRDAN AÇIQLAMA

"Uşaqlarınızı hovuza apara bilərsiniz"- BAŞ PEDİATRDAN AÇIQLAMA
SOSİAL

08 iyun 2020, 15:14

Mətn ölçüsü

Azərbaycanda Olimpiya İdman Komplekslərində məşqlərə artıq start verilib. İcazəsı olan bu komplekslərdə uşaqlar üçün nəzərdə tutulan gimnastika və üzgüçülük üzrə idman növlərinin də fəaliyyəti bərpa olunub. Valideynləri isə bir sual narahat edir, uşaqlar idman zallarına aparılarsa, koronavirusa yoluxmaq təhlükəsi ola bilərmi?    

Məsələ ilə bağlı respublikanın Baş pediatrı Nəsib Quliyevin fikrini öyrəndik.

O, News24.az-a bildirib ki, sosial məsafə saxlamaqla, gigiyena qaydalarına əməl olunmaqla, eyni zamanda əvvəlki yoluxma sayları kəskin azaldığı halda uşaqların da idmanla məşğul olmasına icazə verilməlidir: “Amma zala buraxılan adamların sayı çox olarsa, maskadan istifadə olunmursa, orda böyük yoluxma riski ola bilər. İdman zallarında bütün tələblərə cavab verən qabaqlayıcı tədbirlər aparılırsa, problem yoxdur. İndi dünyada da yarışlar keçirilir, tamaşaçı olmadan futbolçular, idmançılar oyunlarını keçirirlər. Burda da zala 5 nəfərdən artıq olmayaraq adam buraxırlarsa, sosial məsafəyə riayət olunursa, maskadan istifadə olunursa, uşaqlar idman etməlidirlər, bunu qadağan etmək olmaz. Su prosedurlarınn da qorxusu yoxdur, çünki dünyada sübut olunub ki, koronavirus xlorlaşdırılmış suda və dəniz suyunda yaşamır".   

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilib. 

Federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında operativ qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların  verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib.

Afaq Mirayiq