“Testin neqativ çıxması, xəstənin COVID-19 olmadığı anlamına gəlmir” – İnfeksionistdən TƏCİLİ XƏBƏRDARLIQ

“Testin neqativ çıxması, xəstənin COVID-19 olmadığı anlamına gəlmir” – İnfeksionistdən TƏCİLİ XƏBƏRDARLIQ
SOSİAL

29 iyun 2020, 17:54

Mətn ölçüsü

Bir neçə ay bundan əvvəl REACT-C19 layihəsi üzrə Azərbaycana Türkiyədən 19 həkim gəldi. Məqsəd koronavirusla bağlı öz təcrübələrini bölüşmək və xəstəxanalarda xidmət hazırlığının daha da yaxşılaşdırılması idi. Artıq bu layihə yekunlaşmaq üzrədir, bəs görəsən qarşıya qoyulan hədəflərə nail olundumu? Layihə çərçivəsində xəstəxanalarda nə kimi dəyişikliklər edildi?

News24.az olaraq bu və digər suallarla bağlı REACT-C19 layihəsinin iştirakçısı, Ankaranın Qazi Universiteti Xəstəxanasında infeksionist kimi çalışan doktor Fidan Sultanova ilə söhbət etdik.  

-    Fidan xanım, Azərbaycanda hansı xəstəxanalarda oldunuz, gələndə nə çatışmırdı və nələrə nail olundu?  

-    Biz Bakıya ilk gəldiyimizdə “Neftçilər”, “Yeni klinika” ATU-nun Tədris Cərrahiyə Korpusunda 4 xəstəxanada olduq, hər komandada 5 həkim olaraq fəaliyyətə başladıq. Layihənin ikinci mərhələsində biz qərb rayonlarına getdik- Şəmkir, Goranboy, Gəncə və Ağdaş xəstəxanalarında olduq. Mənim olduğum xəstəxana “Yeni klinika”, ikinci isə Gəncədə 1 nömrəli Abbas Səhhət adına xəstəxanada çalışdım. Bir qrupumuz 1 saylı Kliniki Xəstəxanasına yollandı. Ümumdünya Səhiyyə Təşkilatının xəstəxanaların pandemiyaya hazırlıq rəhbərliyi vardı. Bu çeklist üzərindən bütün xəstəxanaları dəyərləndirdik, klinikaların pandemiyaya hazırlıq səviyyəsini aydınlaşdırdıq. Daha sonra gördüyümüz əksiklikləri xəstəxananın idarəetmə heyətinə bildirdik. Və o əskikliklərin yerinə  yetirilməsinin təmin edilməsinə çalışdıq. Onlara ən azından məsləhətlərimizi dedik. Bundan sonra həmin xəstəxanalarda təlimlər aparamağa başladıq, əlbəttə burdakı məqsədimiz də tibb işçilərini daha da maarifləndirmək oldu. Qoyduğumuz hədəflər bundan ibarət idi. Əminəm ki, layihə çərçivəsində bizim bu xəstəxanlara faydamız oldu. 

-    Sizin gəldiyiniz zaman Azərbaycanda yoluxma sayı az idi. İndi ölkəmizdə vəziyyət kritik həddə çatıb. Sizcə bunun səbəbi nədir? 

-    Bəli, ilk gəldiyimiz vaxt xəstə sayı az idi. İndi vəziyyət pisləşib. Səbəb odur ki, onda karantin rejimi davam edirdi. Azərbaycan COVİD-19 ilk yayılmağa başladığı zaman ən tez tədbir görülən ölkələrdən biri idi. Yalnız karantin rejimi yumşaldıqdan sonra xəstə saylarının artdığını müşahidə etdik. Düşünürəm ki, bir çox insanın bu xəstəliyə inanmaması, qabaqlayıcı tədbirləri doğru şəkildə yerinə yetirməməsi yoluxma hallarının artmasına və ağırlaşmasına səbəb oldu. 

-    Bəzi ekspertlər bildirirlər ki, Azərbaycana xarici ölkələrdən virusoloqlar dəvət edilməlidir. Sizcə indiki çətin dönəmdə bu çıxış yolu ola bilərmi? 

-    Ən azından Türkiyədə gördüyüm təcrübələri paylaşa bilərəm. Orada COVİD 19-la mübarizədə Azərbaycanda olduğu kimi infeksionistlər, mikrobioloqlar, reanimotoloqlar, pulmonoloqlar və digər mütəxəssislərin hamısı bir yerdə xəstələri dəyərləndirirlər. Xaricdən mütəxəssis gətirilməsi lazımdırmı, buna qərarı mən verə bilmərəm. Ancaq mütəxəssislərin gəlib hər hansı müdaxilə etməsi və ya onların məsələhət vermələri, əlbəttə bizim xeyrimizədir. 

-    İnsanlar adi qripə yoluxurlar, qorxurlar, nə edəcəklərini bilmirlər. Adi qripi koronavirusdan nə ilə ayırmaq olar? Qrip koronavirusa çevrilə bilərmi? 

-     Koronaviruslar daha öncədən də olub. Bu yeni əmələ gəlmiş ailə deyil. Koronavirus ailəsinin elə növləri var ki, adi soyuqdəymə, qrip kimi simptomlarla ortaya çıxa bilər. Məsələn, SARS infeksiyası var, SARS COV, MERS COV və indiki halda ortaya çıxan ENCOV yəni COVİD 19-dur. Bu virus qrip virusundan (influenza) tamamilə fərqlənir. Bütün viruslar fərqli-fərqli simptomlara səbəb ola bilir, məsələn yüngül soyuqdəymə əlamətləri, ya da qrip əlamətləri kimi. COVİD 19-da isə hərarətin olması, quru öskürək, tənqinəfəsliyin olması, bunlardan başqa xəstələrdə əzələ ağrısı, halsızlıq, yorğunluq hissi, döş qəfəsində ağrı, ürəkbulanma, qusma, ishal, dad və qoxunu itirmə kimi simptomlar ola bilər. Digər xəstələrdə də bu simptomlar ola bilər. Amma indi pandemiyanın olduğu halda ilk olaraq ağlımıza bu xəstəlik gəlir. Ona görə test edilir, bundan sonra pozitiv çıxarsa, müalicəni davam edirik. Hazırda COVİD 19 xəstəliyi assemtomatik haldan ağır pnevmoniyaya qədər əlamətlər göstərə bilir. Bəzi insanlarda simtom yüngül formada, bəzilərində isə ağır formada özünü göstərir. Bu virusun kimdə, necə, hansı formada özünü göstərəcəyi bəlli deyil. Araşdırmalar davam edir, ona görə mütləqdir ki, insanlar bu virusdan özlərini qorusunlar. 
 Bu xəstəlik iki yolla yoluxa bilir. Hava damcı yolu ilə və təmas yolu ilə. Xəstə olan insan asqırarsa, ondan 2 metrə yaxın məsafədə olan insanı selikli qişa ilə yoluxdura bilər. İkincisi də təmas vasitəsilə yoluxa bilərik. Xəstə insanın asqırdığı, öskürdüyü zaman səthlərə damcılar tökülür. Əgər o səthlərə əlimizi vurarsaq, sonra əlimizi yumadan üzümüzə (burun, ağız, göz) toxundursaq, bu şəkildə özümüzü yoluxdura bilirik. Ona görə də maskadan istifadə olunması çox önəmlidir. Sosial məsafə, əl gigiyenasına əməl etmək lazımdır. 

-    Xarici mütəxəssislər II qan qrupundan olan insanların koronavirusu ağır keçirmələri ilə bağlı açıqlama veriblər, bunu düzgün hesab edirsinizmi? 

-    Bu günədək xəstələr üzərində aparılan yoxlamalar statistik olaraq dəyərləndirilir. Virusu ağır keçirənlərlə yüngül keçirənlər arasında müqayisə etdikdə II qan qrupunda olanların daha ağır keçirdiyi məlum olub. Digərləri daha yüngül keçirib. Amma bu risk faktoru olaraq dəyərləndirilməməldir. İkinci qan qrupunda olanlar ağır keçirəcək, digərləri yüngül keçirəcək deyə bir şey yoxdur. Bəzən risk qrupunda olan insanlar da virusu yüngül keçirə bilir. Bu o şəxsin xəstəliyə qarşı göstərdiyi reaksiyaya bağlıdır. 

-    Testlərlə bağlı insanlar arasında inamsızlıq var. Bildirilir ki, klinikalarda istifadə olunan koronavirus testləri düzgün deyil. Testin nəticəsi neqativ çıxanların sonradan pozitiv olması kimi məlumatlar var, bu nə dərəcədə düzgündür? 

-    COVİD 19 xəstəliyi üçün istifadə olunan test PZR-dir- yaxma şəklində burundan götürülür. Bu testlər sensitive və spesitive, yəni həssaslıq, xaslıq dərəcələrinə bölünür. Bunun nəticələrinin neqativ və pozitiv çıxmasına bir çox faktorlar təsir edə bilir. Yəni söhbət testin yalançı neqativ şəklində çıxmasından gedir. Bunlar xəstənin özündən asılı ola bilər. Labaratoriyada istifadə olunan maddələrdən, çubuğun da təsiri ola bilər. Məsələn, xəstədə pnevmoniya halları varsa, virus üst tənəffüz yollarından alt tənəffüs yollarına ötürülübsə, artıq alt tənəffüs yollarından aldığımız yaxmanın nəticəsi neqativ ola bilər. Amma bu xəstəlik olmadığı anlamına gəlmir. Bəzən xəstəlik elə bir fazasında ola bilər ki, ilk başda aldığımız test neqativ çıxıb, daha sonra pozitiv çıxa bilər. Yaxmanın transportu, xəstəxanaya getmə müddəti, labaratoriyadakı işləmlərdən asılı olaraq fərqli çıxa bilər. Bu testlərin həssaslıq və xaslıq dərəcələri fərqli ola bilər. Ona görə də testlərin nəticələrindən ziyadə, xəstənin müalicə aldığı klinikaya  görə müalicənin qərarı verilməlidir. Klinik xüsusiyyətlər, labaratoriya, alınan qanlar, KT yaxud rentgen analizlərinin nəticəsini aldıqdan sonra müalicə sxemi yazılır. 

Afaq Mirayiq