Koronavirusa yoluxan baş redaktor: "Hələ də xəstəxanadayam"

Koronavirusa yoluxan baş redaktor:
SOSİAL

02 iyul 2020, 16:33

Mətn ölçüsü

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin ailə üzvləri sağalaraq xəstəxanadan evə buraxılıblar.

Bu barədə News24.az-a İlham Quliyev özü məlumat verib. Artıq iyirmi gündür ki, xəstəliklə mübarizə aparan baş redaktor hələ də xəstəxanada müalicəsinin davam etdiyini qeyd edib: “Həkimim deyir mən də kritik dönəmi atlatmışam, hazırda özümü yaxşı hiss edirəm. Əvvəlkinə nisbətən gümrahlaşmışam, iştaham düzəlib, hərarətim yoxdur. Məndə bu virus ayın 8-dən başlayıb, bu ayın sonlarına qədər davam etdi. Xəstəxanaya ayın 22-də yerləşdirildim. Ona qədər test nəticəsi neqativ idi. Gedib özüm KT etdirdim, ikitərəfli buzlu şüşə çıxdı. Hərarətim arada 2 gün düşürdü, sonra yenə qalxırdı. Artıq 5 gündür ki, vəziyyətim sabitdir, Allaha çox şükür”. 

Baş redaktor insanları panikaya düşməməyə və müəyyən edilən qaydalara əməl etməyə çağırdı: “Mümkün qədər özlərini qorusunlar. İnsanların kütləvi olduğu yerlərə getməsinlər. Qapalı məkanlarda mütləq maskadan istifadə etsinlər. Sosial məsafə saxlasınlar, gigiyena qaydalarına əməl etsinlər. Əgər yoluxarlarsa, təşvişə düşməsinlər. Evdə müalicəyə başlasınlar”.

Afaq Mirayiq