“Xəstə ola-ola evdən çıxırlar, burda çoxu koronadı” – RAYONLARDA COVİD-19 TÜĞYAN EDİR

“Xəstə ola-ola evdən çıxırlar, burda çoxu koronadı” – RAYONLARDA COVİD-19 TÜĞYAN EDİR
SOSİAL

13 iyul 2020, 17:48

Mətn ölçüsü

“Cəlilabadda yaşayırıq, övladlarım koronavirusa yoluxub. Qonum-qonşunun ayağını evdən kəsmək olmur. El-obadan utanırsan, necə deyəsən gəlmə?! Heç kim karantin qaydalarını gözləmir. Xəstə-xəstə çölə çıxırlar, adamları  yoluxdururlar. Maskasız gəzirlər, məsafə saxlayan yoxdur, hərə öz işindədir. Hazırda Göytəpədə demək olar ki, ailələrin əksəriyyətində koronavirus xəstəsi var, hamı əziyyət çəkir. Burda da şəhərdəki kimi xəbərdarlıq eləsinlər, bu camaata dur desinlər”. 

Bu, Cəlilabad rayon sakini Ceyran Əliyevadır. O, News24.az-dan bu məsələni işıqlandırmağı, insanları maarifləndirməyi xahiş edib.  
Nabrandan Kifayət Novruzova adlı oxucu da News24.az-a bildirib ki, rayonda insanlar karantin rejiminə düzgün əməl etmirlər: “Burda qonşular, qohumlar arasında koronaya  tutulanlar getdikcə çoxalır. Narahat oluruq. Məsələn, mənim ailəm riayət edirik, amma qonşuluqda olanlar heç nəyə baxmırlar. Qonaq gedirlər, toplaşırlar. Özü də maska taxmırlar, yayıblar xəstəliyi, olmaz axı belə. Bunlara görə biz nəyə görə əziyyət çəkməliyik”.   
Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə danışdıq. O bildirdi ki, televiya vasitəsilə, sosial şəbəkələrdə maarifləndirmə işləri mütəmadi olaraq aparılır: “Amma ayrı-ayrı rayonlarda, kəndlərin içində polisilər təbliğat aparır”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov News24.az-a bildirib ki, polislər rayonlarda gücləndirilmiş iş rejimində çalışır: “Bakıda, Sumqayıtda, Abşeronda polis əməkdaşları necə nəzarəti həyata keçirirsə, ölkəmizin digər şəhər və rayonlarında da eyni qayda da xidmət aparırlar. Deyilənlərlə razılaşmıram. Rayonlarda da insanlar anlayırlar ki, bunlar vacib tələblərdir. Ona görə də anlayışla qarşılayırlar, maskadan da istifadə edirlər. Məsələnin nə dərəcədə təhlükəli olması barədə polis əməkdaşları tərəfindən profilaktik olaraq söhbətlər aparılır. İnsanlar bu istiqamətdə xəbərdar olunurlar”. 

Afaq Mirayiq