Pandemiyası zamanı stres necə idarə edilməlidir?

Pandemiyası zamanı stres necə idarə edilməlidir?
SOSİAL

20 iyul 2020, 10:02

Mətn ölçüsü

Səhiyyə Nazirliyi COVİD-19 pandemiyası zamanı stressin idarəedilməsi yollarını açıqlayıb.

News24.az-ın xəbərinə görə, nazirlik yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva deyib ki, COVİD-19 infeksiyasının yayılması əhalinin bütün təbəqələrinə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stress və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür. Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatçılıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər. Belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər: "Stress - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı qoruyucu reaksiyasıdır. Stressin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stress (distress) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər. İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stressə davamlılığımız çox şeyə qadirdir və müəyyən dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distressin öhdəsindən gələ bilmir və bu, öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distress fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm”. 

Onun sözlərinə görə, stressə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur. Bütün bu amillər distressin azalmasına və psixi vəziyyətin yaxşılaşmasına təsir edir".