Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi - SƏRƏNCAM

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi - SƏRƏNCAM
SOSİAL

22 iyul 2020, 17:01

Mətn ölçüsü

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

News24.az xəbər verir ki, sərəncam insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi daşıyır.

1. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirsin.