Azərbaycan pandemiyadan sonra iqtisadi aktivliyi qısa müddətə əldə edəcək? – Vüqar Bayramov

Azərbaycan pandemiyadan sonra iqtisadi aktivliyi qısa müddətə əldə edəcək? – Vüqar Bayramov
SOSİAL / İQTİSADİYYAT

03 avqust 2020, 12:29

Mətn ölçüsü

“Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı daha çox innovativləşəcək”.
 
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, Azərbaycan unikal iqtisadi paketləri ilə pandemiyanın fəsadlarını minimallaşdıraraq, örnək ölkələr siyahısına daxil olub: “Hazırda qlobal səviyyədə ən çox müzakirə olunan məsələlərdən biri də pandemiyanın nə zaman başa çatacağıdır. Əvvəlki aylarda “postpandemiya” sözündən daha tez-tez istifadə olunurdu, Ancaq artıq aparıcı beynəlxalq qurumların rəhbərləri belə postpandemiya sözünü ehtiyatla istifadə edir. Bu da pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı bəlli bir proqnozun olmaması ilə bağlıdır. Azərbaycan pandemiyanın təsirlərini minimallaşdırmağa çevik reaksiya verən ölkələrdən biri hesab olunur”. 
 
V.Bayramov iqtisadi paketlərin mahiyyətindən söz açıb: “Azərbaycanda qəbul edilən iqtisadi paketlər həm pandemiya, həm də pandemiyanın davam edən aylarında, eləcə də, postpandemiya dövründə iqtisadiyyatda dövlət dəstəyinin artırılmasını nəzərdə tutur. İqtisadi paketlər içərisində həm vergi güzəştləri paketi, həm də güzəştli kreditlərin təqdim olunması sahibkarlara dövlət dəstəyinin artırılması məqsədini daşıyır. Eyni zamanda, postpandemiya dövründə sahibkarlar üçün yeni çağırışların və qaydaların tətbiq olunması anlamına gələcək”. 

O hesab edir ki, artıq sahibkarların da postpandemiya dövrünə hazır olması çox vacibdir: “Xüsusilə, onlayn idarəetmə, avtomatlaşdırma, distant qərarların qəbul edilməsi kimi yeni çağırışlardan və idarəetmə sözlərindən istifadə edilməsi və biznesin buna hazır olması önəmli məsələdir. O cümlədən, postpandemiya dövründə qlobal iqtsadiyyat və milli iqtisadiyyatın idarə edilməsi artıq yeni çağırışlara və pandemiyanın gündəmə gətirdiyi şəffaflığa uyğun həyata keçiriləcək. Təbii ki, Azərbaycan postpandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda bərpa etməyə çalışan və buna hazırlaşan ölkələrdəndir. 

Güman olunur ki, Azərbaycan iqtisadi aktivliyi postpandemiya dövründə daha qısa zamanda bərpa edəcək. Eyni zamanda postpandemiya dövründə yeni peşələrin, ixtisasların, biznesdə idarəetmə formalarının gündəmə gələcəyi və təbliğ olunacağı gözlənilir. Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı həm də daha çox innovativləşəcək”.  

Məhərrəm Əliyev