Çimərliklərdə yerlərin dolmasını kimlər təyin edir? – Qurumlardan AÇIQLAMA

Çimərliklərdə yerlərin dolmasını kimlər təyin edir? – Qurumlardan AÇIQLAMA
SOSİAL

12 avqust 2020, 10:10

Mətn ölçüsü



5 avqust tarixindən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən çimərliklərin fəaliyyəti bərpa olundu. Evdə oturmaqdan və eynilikdən sıxılan vətəndaşlarımız isə həm sağlamlıq, həm də dəyişiklik etmək üçün çimərliklərə üz tutdu. 


Bəs, gəlin, görək paytaxt çimərliklərində qaydalar, insanların sıxlığı, qeydiyyatı prosesi necə aparılır və qaydalara əməl etməyənlər kimlər tərəfindən cəzalandırılır?

“ASAN xidmət” News24.az-ın suallarını belə cavabladı:

“1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir. Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb.  Eyni zamanda "ASAN xidmət" tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilir.

Aparılan təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı çimərliklər müəyyənləşdirilib. Eyni zamanda xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb. Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Həmin məlumatlar cimerlik.az xüsusi internet səhifəsində əks etdirilir”. 

Qurumdan veilən məlumata görə, səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri  və s. məlumatları əldə edə bilərlər. Eyni zamanda yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülür”.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə sorğumuza cavab olaraq bildirdi ki, çimərliklərdə tək Polis yox, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlarının nümayəndələri var: “Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxt çimərliklərində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb, tövsiyə və göstərişlərinə uyğun olaraq çimərliklərdən istifadə edən şəxslər arasında sosial məsafənin təmin olunması ilə bağlı Polis və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət profilaktik tədbirlərini həyata keçirir. Orada vətəndaşlardan daxil olan hər bir müraciətə çevik reaksiya verilməsi və nəzərdə tutulan qaydaların tətbiqi ilə bağlı iş aparılır. Bütövlükdə bu qayda və normalar, həmçinin, üzərimizə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hansı vəzifələr qoyulubsa, onlara əməl edilməsi ilə bağlı məsələlər daim diqqətdə saxlanılır”. 

Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov isə vətəndaşların portala baxmadan çimərliklərə üz tutmasına şahid olduqlarını qeyd edib:
“Vətəndaşlar cimerlik.az saytına baxmadan, özbaşına bildikləri, tanıdıqları yerlərə gedirlər. Buna görə də limiti dolan çimərliklərə vətəndaşlar buraxılmır. Çimərliklərdə qeydiyyat prosesi ASAN könüllüləri tərəfindən həyata keçirilir. Hər bir çimərliyin girişində könüllülər fəaliyyətdədir. Onlar çimərliyə daxil olan və oranı tərk edən vətəndaşlarla bağlı siyahıda qeydlər edirlər. Boş yerlərlə bağlı məlumat mərkəzə göndərildikdən sonra portala qeyd olunur. Limit ötən zaman DİN və Daxili Qoşunların hüquq mühafizə orqanlarının nümayəndələri vətəndaşları içəri buraxmır”. 

Məhərrəm