Ombudsman Aparatının nümayəndələri Tofiq Yaqublu ilə görüşüb

Ombudsman Aparatının nümayəndələri Tofiq Yaqublu ilə görüşüb
SOSİAL

14 sentyabr 2020, 13:33

Mətn ölçüsü

Ombudsman Aparatının nümayəndələri hazırda “City Hospital”da müalicə edilən Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüblər.

News24.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib. 

O bildirib ki, T. Yaqublu reanimasiyadan palataya köçürülüb: “Gecə sistem qoşularaq yatızdırılıb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman Aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.

N. Həzi onu qeyd edib ki, vəkillər hələ T. Yaqubluyla görüşə bilməyib.

Qeyd edək ki, Penitensiar Xidmət T. Yaqublunun vəziyyəti ilə məlumat yayıb.

Məlumata qeyd olunub ki, məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.
T.Yaqublu məhkəmə qərarına etiraz olaraq qida qəbulundan imtina etdiyini bəyan edib, vəkilləri isə hökmdən apellyasiya şikayətləri veriblər.
Onunla müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.
Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib. 
T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb.
A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək.