72 gündən sonra BAKI METROSUNDA NƏLƏR BAŞ VERİR? - VİDEOREPORTAJ - FOTOLAR

72 gündən sonra BAKI METROSUNDA NƏLƏR BAŞ VERİR? - VİDEOREPORTAJ - FOTOLAR
SOSİAL / Video

14 sentyabr 2020, 18:51

Mətn ölçüsü

Metro istifadəçilərinin 72 gündür səbirsizliklə gözlədiyi an nəhayət ki, yetişdi.  Bu gün səhər saat 06:00-dan "Bakı Metropoliteni" QSC öz fəaliyyətini bərpa etdi. Güman olunur ki, bununla da sıxlıq problemi aradan qalxar. Çünki vətəndaşların elə ən çox şikayət etdiyi problem məhz ictimai nəqliyyatla bağlı idi. Onu da deyək ki, şənbə və bazar günlərində digər ictimai nəqliyyat vasitələri kimi "Bakı Metropoliteni" də çalışmayacaq.


Səhər saatlarının və ilk günün olmasına baxmayaraq metrodan istifadə edənlərin sayı kifayət qədərdir. Ləğv olunan qaydadan razı olduqlarını deyən sərnişinlər, bundan sonra işlərinin daha da asanlaşacağını bildiriblər. 

News24.az xəbər verir ki, "Bakı Metropoliteninin" mətbuat xidməti Bəxtiyar Məmmədov qatarlarda və ümumi metrostansiyalarda karantin qaydalarına əməl olunduğunu qeyd edib: "Onu deyə bilərəm ki, sosial məsafəni qorumaq üçün kifayət qədər yer var. Tibbi maskanın taxılması ilə bağlı hələ ki, ciddi qayda pozuntusunu aşkar etməmişik. Hər şey vətəndaşların məsuliyyətindən aslıdır, onlar anlamalıdırlar ki, karantin qaydalarına uyğun şərtlər, xüsusən də maska qadağası yerinə yetirilməlidir. Lakin xüsusi qaydalarla bağlı "Bakı Metropoliteni"də öz işini davam etdirir. Qatarlarda xüsusi istiqamətləndirici lövhələr yerləşdirmişik. Ümumi vəziyyət hazırda çox qənayətbəxşdır. Vətəndaşlar qaydalara əməl etsələr düşünürəm ki, heç bir problem olmaz".


"Baki Metropoliteni" 72 günlük fasilədən sonra daha iki qatarı xəttə buraxılıb. Bununla da müasir qatarların sayı 15-ə çatdırılıb. Rusiyadan gətirilən qatarlar haqda danışan Bəxtiyar Məmmədov onu da bildirib ki, vaqonlar iqlim şəraitə uyğun hazırlanıb: "Yeni vaqonlar məhz Bakı Metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem eləcə də ultrabənövşəyi lampalar vasitəsi ilə vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla havanın salonlarda bərabər paylanmasına xidmət edir. Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır".


Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, fiziki məhdudiyyətli şəxslər üçün arabalar üçün yerlər, mobil cihazlar üçün USB portlar var.

Qeyd edək ki, "Bakı Metropoliteni" 2015-ci ildə 15, 2018-cı ildə 10, ötən il 30, cari ildə isə 20 yeni tipli vaqon alıb.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov







YouTube