Tarixə düşən pandemiyanın birinciləri, SİPƏRLİ MÜƏLLİMLƏR - REPORTAJ - FOTOLAR

Tarixə düşən pandemiyanın birinciləri, SİPƏRLİ MÜƏLLİMLƏR - REPORTAJ - FOTOLAR
SOSİAL / Foto

15 sentyabr 2020, 12:49

Mətn ölçüsü

Bu gün Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günüdür. Ümumi təhsil müəssisələrində əyani şəkildə Bilik günü keçirilmədi. Buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir. 

Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib.

Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132 734, XI sinfində isə 85 044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 



Biz də bu gün News24.az olaraq paytaxtda yerləşən 7, 23, 46,189-190 nömrəli məktəblərdə bir sıra müşahidələr apardıq. 

Əvvəlcə ən xırda detallara da diqqət etdiyimizi bildirməliyik. İlk günün məsuliyyətindən irəli gəlib-gəlmədiyini deyə bilmərik, amma ümumən məktəblərin sosial məsafə və sanitar-epidemioloji qaydalara riayət etdiyini gördük. 4 məktəbdə də şagirdlərin sosial məsafəsi qorunur, temperatur ölçülür və dezinfeksiya edilirdi. Valideynlər isə qəti şəkildə içəri buraxılmırdı. 23 nömrəli məktəbdə bir valideyn kiminsə tanışı olduğunu əsas gətirərək, övladı ilə sinifə gedib, onu yerbəyer etməyə cəhd etsə də, müəllim təkidlə onu geri çevirdi.

Qeyd edim ki, bizim media nümayəndəsi olduğumuzu bilmirdilər.


Fərqləndirməli olsaq, 46 nömrəli məktəbdə direktorun çıxış edərək, şagirdləri təlimatlandırdıqdan sonra içəri buraxdığını qeyd etməliyik. 7 nömrəli məktəbdə bizimlə birgə sinfə qalxmaq üçün pilləkənləri çıxarkən, anidən Dövlət Himninin oxunduğunu görüb, direktorun dərhal dayanması və Himni oxuması diqqətimizdən yayınmadı. 189-190 nömrəli məktəbin girişində digərlərindən fərqli olaraq temperaturumuzu ölçüb, dezinfeksiya etməyi unutmadılar. 

Maraqlı nüanslardan biri də müəllimlərin sosial məsafə və dezinfeksiya qaydalarını izah edərkən həyəcan hissi də duyulurdu. Bir çox şagirdin simasında çaşqınlıq və narahatlıq hökm sürürdü. Vəziyyətdən çox da razı olduqlarını deyə bilmərik. Bu da təbii ki, başadüşüləndir.


Pandemiya builki birincilərin yaddaşında mühüm yer tutacaq və onlar məktəbi bitirdikdən sonra belə bu günü digər birincilərdən daha fərqli xatırlayacaqlar. İlk dərs günündə üz sipəri taxan bir müəllimi şagird necə unutsun ki? 

Valideynlərlə həmsöhbət olmağı da unutmadıq. Ümumi qənaətdən belə aydın oldu ki, onlar məktəblərin aldığı tədbirlərdən razıdır. Ancaq övladlarının ilk dərs gününün belə sönük keçməsini, xüsusi tədbirin keçirilməməsinin ürəkaçan mənzərə olmadıqlarını qeyd etdilər. 


Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul etmişdi.

Məhərrəm Əliyev
Foto: Adil Ağayev