İntihar edən müəllimlə bağlı YENİ DETALLAR

İntihar edən müəllimlə bağlı YENİ DETALLAR
SOSİAL

18 sentyabr 2020, 13:44

Mətn ölçüsü

Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb. 

News24.az xəbər verir ki, Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potaloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik fotolarının internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.


Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablayan hüquqşünas Müşfiq Abbasov bildirib ki, əgər doğrudan da N.İsayeva hansısa çılpaq fotolarının yayılması ilə hədələnibsə və intihar da bu səbəbdən baş veribsə, bu, Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibini yaradır:

“Həmin maddənin tələblərinə görə təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılılır. 

Mərhumun hansısa intim fotosu təqsirkarda olubsa və o, bu şəkilləri yayacağı ilə onu hədələyibsə, tərəflər arasında asılılıq yaranıb. Yəni intim şəkillərə görə mərhum xanım təqsirkardan asılı duruma düşüb. Bu səbəbdən onun intiharının məsuliyyəti də həmin fotoları yayan şəxsin üzərinə düşür".

Qeyd edək ki, Naidə İsayevanın əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik fotolarının internetdə yayılacağı ilə bağlı şantaj edilməsi ilə bağlı məlumat ilk olaraq Unikal.org saytında yayımlanıb. 

Məhərrəm Əliyev