“İstəyirəm torpaqların alınmasında balamın da xidməti olsun” - OĞLUNU QARABAĞA YOLA SALAN ANA - VİDEOREPORTAJ

“İstəyirəm torpaqların alınmasında balamın da xidməti olsun” - OĞLUNU QARABAĞA YOLA SALAN ANA - VİDEOREPORTAJ
SOSİAL / Video

01 oktyabr 2020, 20:06

Mətn ölçüsü

"Çağırsa ellər, gedərəm davaya..."

O, ordu yenilməz və güclüdür ki, onun əsgəri vətən uğrunda vuruşmağa, canından keçməyə daim hazırdır. Bu deyimin nə qədər doğru olduğunu son bir neçə gündə bir daha gördük. Ordumuz qazandığı zəfərlərlə bunu bir daha təsdiq elədi. Bu günsə mübariz ruhun, vətən eşqinin bu torpaqda böyüyən hər bir gəncdə olduğuna təkrar əmin olduq. Torpaqlarımızın bütövlüyü üçün can atan, vətənin keşiyində dayanmağı özünə şərəf bilən oğullar könüllü olaraq  bu gün cəbhə xəttinə yola düşdü.


News24.az həmin gənclərin yola düşdüyü Binəqədi Rayon Hərbi Komissarlığının qarşısından videoreportaj hazırlayıb. Çəkiliş müddətində bu gənclərin hər birinin gözündə fərəh və qürur hissi gördük. Onların bir hissəsi  səfərbərliklə bağlı çağırılanlar, digəri isə könüllü xidmət etmək arzusunda olan vətənpərvər oğullarımızdır.

Könüllü xidmət arzusunda olanları yola salanlar arasında “Liatris holding”in rəhbəri, xeyriyyəçi, vətənpərvər xanım Ruhi Əliyeva da vardı. Bu gün o, iki doğmasını ön cəbhəyə yola saldı: "Bu gün hər bir ata, ana üçün çox ağır, amma bir o qədər də şərəfli gündür. Bizim ordumuz çox güclü, fəxarətli və cəsarətlidir, ona görə də inanıram ki, çox qısa vaxtda hər birimiz qələbə xəbərini alacağıq. Övladlarımız sağ- salamat, zəfər çalaraq evlərinə qayıdacaqlar. Çünki onlar Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü üçün mübarizə aparırlar. Biz də xalq olaraq hər məqamda onun yanındayıq. Böyükdən- kiçiyə, kişidən-qadınadək hər kəs cənab prezidentimizin verdiyi qərarları dəstəkləyir". 

Uzun illərdir torpaqlarımız erməni quldurların işğalı altındadır, amma bu cür oğullarımızın sayəsində biz tezliklə doğma yerlərimizə qayıdacağıq” deyən Ruhi Əliyeva Azərbaycan ordusu ilə qürur duyduğunu bir daha dilə gətirib: "Bu gün qəlbində vətənpərvərlik ruhu olan minlərlə gəncimiz orduya dəstəkdir. Onların hər biri ilə fəxr edirəm".


Biz də onlarla fəxr edirik, çünki bu gənclərin hər biri əlinə silah alıb tarix yazmağa tələsir. Gözlərində qürur, ürəklərində sevinc var. Bu günü onlar səbirsizliklə gözləyirdilər. Çünki ordu güc, əzm, qüdrət, müdafiə, qələbə deməkdir. 


Balalaları sarıdan hər zaman kövrək və dözümsüz olan anaları Hərbi Komisarlığın qarşısında oğulları qədər mübariz və döyüşkən gördük.Övladlarını vətənin müdafiəsinə göndərən bu valideynlərin üzündən narahatlıqdan daha çox qürur hiss olunurdu. Onlar Vətəni mərd oğullarına, onları da Allaha əmanət elədilər. 

Allah Sizi qorusun, Azərbaycan əsgəri! Biz də bütün qəlbimizlə sizinləyik!

Sevda Bayramova
VİDEO - FOTO: Nurlan GM









YouTube