"Bir sərnişinin məsuliyyətsizliyi qorxunc nəticələrə gətirib çıxara bilər" - METRODAN VİDEOREPORTAJ

"Bir sərnişinin məsuliyyətsizliyi qorxunc nəticələrə gətirib çıxara bilər" - METRODAN VİDEOREPORTAJ
SOSİAL / Video

15 oktyabr 2020, 19:03

Mətn ölçüsü

Ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq “Bakı Metropoliteni QSC” təhlükəsizlik xidmətini daha da gücləndirib. Məhz bununla bağlı bir sıra metrostansiyaların girişində xüsusi rentgen qurğusu quraşdırılıb. Əsas məqsəd isə sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etməkdir.


Bununla yanaşı “Bakı Metropoliteni”ndə ənənəvi olaraq girişdə istiqamətləndirici lövhələr yer alır, eyni zamanda sərnişinlərin qızdırması ölçülür, maskanın düzgün istifadə etməsi və sosial məsafənin qorunması ciddi şəkildə tələb olunur. Sərnişinlər də yaradılan şəraitdən razılıqlarını bildirirlər. 

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov News24.az-a açıqlamasında bildirib ki, sözügedən rentgen hələ ki, daha çox sərnişinlərin daxil olduğu metrostansiyaların girişində quraşdırılıb: “Bakı Metropoliten”i koronavirus pandemiyası başlar-başlamaz gücləndirilmiş xüsusi rejimlə çalışır. Sözügedən rentgen aparatı avtomatik rejimində çalışır. Eyni zamanda bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasını sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir. Bizim əsas missiyamız təbliğat işini aparıb, daha çox insanları məlumatlandırmaqdır. Hər addımımızı sərnişinlərimizi koronavirusdan qorumaq üçün atırıq”. 

Qurumun mətbuat katibi sərnişinləri bir daha diqqətli olmağa çağırıb: "Sərnişinlərdən xahiş edirik ki, daha çox məsuliyyətli olsunlar, zərurət olmadığı təqdirdə metrodan istifadə etməsinlər. Çünki sözügedən nəqliyyatdan istifadə edən sərnişin kifayət qədərdir. Gəlin bir daha metronun bağlanmaması üçün birgə çalışaq. Hər bir şey həm sərnişindən, həm də metropolitenin hazırladığı metodiki göstərişlərdən aslıdır, amma məncə vətəndaşlar bu məsələyə daha ciddi yanaşmalıdırlar. Çünki yeraltı nəqliyyatdan istifadə edən bir nəfər belə koronavirusa yoluxsa bu artıq ciddi və qorxunc vəziyyətə çevriləcək”. 

Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq.

Sevda Bayramova 
VİDEO - FOTO: Nurlan GM 

YouTube