Dəhşətli GECƏ: Bir gecədə kimsəsiz, evsiz-eşiksiz qalan GƏNCƏ əhalisi DANIŞIR - VİDEOREPORTAJ - FOTOLAR

Dəhşətli GECƏ: Bir gecədə kimsəsiz, evsiz-eşiksiz qalan GƏNCƏ əhalisi DANIŞIR - VİDEOREPORTAJ - FOTOLAR
SOSİAL / Video

18 oktyabr 2020, 17:40

Mətn ölçüsü

Yenə gecə, yenə Gəncə və yenə də hədəf mülki əhalidir. Günahsız insanlar, dağılmış evlər, məsum körpələr. Yenidən bütün dünyanın görməzdən gəldiyi bir faciənin şahidi olduq. 

Söhbət Azərbaycanın ikinci paytaxtı, ən iri şəhəri qədim Gəncədən gedir. Mənfur düşmənlər yenə də öz xislətlərindən geri qalmayaraq, mülki əhalimizə amansızcasına hücum edib. Onlar “Elbrus” raketini Gəncə əhalisinin üzərinə atdılar. Nəticədə isə 13 nəfər həyatını itirib. Onların arasında körpə balalarımız da var. 


Xəbəri eşidər-eşitməz çəkiliş heyətimizlə Gəncəyə yollandıq. Gördüyümüz mənzərə bizi sözün əsil mənasında dəhşətə saldı. Dağılmış evlər, evsiz-eşiksiz qalan sakinlər, tələf olan körpələrimizin oyuncaqları. Hər birinin gözlərində qorxu, həyəcan hissi var idi. Amma onu da vurğulamaq lazımdır ki, Gəncə əhalisi ermənidən qorxmur. 

Gəncə sakini Sevil Əliyeva atasının dağılmış evini görüb təəssüf hissi ilə baş verənləri danışır: “Bura mənim ata evimdir. İl yarım öncə isə qardaşım burada yaşayırdı, amma onu da itirdik. Əziyyətlə ərsəyə gətirdiyi evi ermənilər viran qoydu. Allah erməninin evini yıxsın”.



Rövşən Bağırov isə vəfat edən sakinlərin və şəhidlərin qanı yerdə qalmamalıdır deyir: “Gecə saatları idi. Birdən-birə çox güclü səs gəldi, qırmızı işıq yandı və başımıza raket düşdü. Bacım hamilə, anam şəkər xəstəsidir. Bacımın üzü kəsik-kəsikdir, indi də xəstəxanadadır. Bu erməni faşistlərinin növbəti terroru idi. Müharibə dayanmasın, çünki dayansa, şəhidlərin və tələf olan mülki əhalinin qanı bizə haram olar. Evimiz dağılıb, qoy dağılsın, küçədə qalaq, amma müharibə dayanmasın. Onları qırıb, axırlarına çıxarmalıyıq”


74 yaşlı nənəmiz isə bizi göz yaşları və qorxu ilə dağılmış evinə çağırdı: “İki nəvəm var, qorxudan evə gəlmirlər. Deyirlər ki, başımıza bomba düşəcək. Belə olmaz. Mənə nə olursa olsun, əsas balalarım sağlam olsunlar”.

Tək Gəncə əhalisi yox ümumi bütün xalqımız ermənidən nə qorxmur nə də çəkinmir. Bu gün bu terror aktın qurbanına çevrilən məsum körpələrimiz, dinc əhalimiz şəhidlik zirvəsinə ucaldı. Odur ki, nigaran qalma əziz körpəm, əziz anam, əziz atam. Nə sənin, nə də torpaqlarımız uğrunda mübarizcəsinə savaşan əsgərimin qanı yerdə qalmayacaq!

Sevda Bayramova
VİDEO - FOTO: Adil Ağayev
Gəncə







YouTube