Venesiyada erməni terroruna etiraz edildi - Fotolar

Venesiyada erməni terroruna etiraz edildi - Fotolar
SOSİAL

30 oktyabr 2020, 18:51

Mətn ölçüsü

İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən News24.az-a verilən xəbərə görə, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada həmvətənlərimiz əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat xarakterli lövhələr tutublar. Aksiya iştirakçılarına yaxınlaşan çoxsaylı şəhər sakinlərinə və turistlərə işğalçı Ermənistan ordusunun terror aktları və mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlər ilə Azərbaycanın dinc sakinlərinin hədəfə alınması barədə məlumat verilib.

Bundan əlavə, şəhər sakinləri xüsusi skan-koddan istifadə etməklə Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı italyan dilində hazırlanmış məlumatlarla, eləcə də şəkillərlə də tanış ola biliblər.