Koronavirus daşıyıcıları NİYƏ xəstəxanalarda öləcəklərini DÜŞÜNÜRLƏR? - Ekspertlər AÇIQLADI

Koronavirus daşıyıcıları NİYƏ xəstəxanalarda öləcəklərini DÜŞÜNÜRLƏR? - Ekspertlər AÇIQLADI
SOSİAL

14 yanvar 2021, 15:13

Mətn ölçüsü

Koronavirus pandemiyası dünyanı lərzəyə salmağa davam edir. Artıq dünya üzrə bu virusdan vəfat edənlərin sayı 2 milyon nəfərə çatır. Cəmiyyətimizdə isə maraqlı bir fikir hökm sürür. Bir çox insan düşünür ki, xəstəxana şəraitində koronavirusdan müalicə alan şəxslər daha tez ölür, nəinki ev şəraitində. 

Bəs həqiqətən belədirmi? İnsanlarda niyə belə bir fikir formalaşıb? 

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramovəziyyəti belə izah edib: 


Yanaşı xəstəliklər öldürür

“İnsanlar həm xəstəxanada, həm də evdə ölə bilər. Əksinə, xəstəxanada dərman preparatları daha çoxdur. Xəstəxana şəraitində xəstənin vəziyyəti ağırlaşacağı halda müdaxilə etmək daha rahatdır, nəinki evdə. Ev şəraitində boğulma ola bilər. Bunu da nəzərə almaq lazımdır. Viruslar xəstəxanadaxili infeksiyaların əsas səbəblərindən biridirlər. İnsanlarda virusa qarşı yaranan qorxunun adı koronafobiyadır. Vahimə immuniteti aşağı salır. Yanaşı xəstəliyi olanlarda ölüm riski daha yüksək olur. Diabet, təzyiq, bronxit, astma, qan azlığı, hormon qəbul edən və xroniki xəstəliyi olan şəxslərdə bu virus özünü daha qabarıq şəkildə büruzə verir. 

Müalicəyə erkən başlanılsa, yanaşı xəstəliklər olmasa, xəstənin sağalma prosesi daha tez olur və vəziyyəti ağırlaşmır. Ev şəraitində xəstənin saturasiyası aşağı olanda, oksigenlə müalicə lazım olur. Bəzi xəstələr var ki, oksigen balonlarından istifadə edirlər. Yanaşı heç bir xəstəlikləri yoxdur. Belə xəstələr ev şəraitində müalicə ala bilərlər. “Ev şəraitində müalicə alanlar sağalır, xəstəxanada müalicə alanlar isə ölür” kimi mülahizə irəli sürmək absurddur. Xəstə ağır şəraitdə stasionarda müalicə alsa, daha yaxşı olar”. 

Xəstəxana və ev şəraitinin müalicə prinsipi eynidir

İnfeksionist-hepotoloq Mərdan Əliyev qeyd edib ki, xəstəxana şəraitində müalicə alan şəxslər əsasən, vəziyyəti ağır olanlardır:


“Ambulator şəraitdə isə yüngül və orta-ağır xəstələri müalicə edirik. Vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya müraciət edən xəstənin ölüm riski daha yüksək olur. Xəstəxanaya saturasiyası aşağı, ikitərəfli pnevmaniyası olan şəxslər göndərilir. Onların sağalması isə bəzən çətin olur. Bu baxımdan xəstəxanada daha çox insan ölür. Nəticədə də cəmiyyətdə də belə bir fikir formalaşır”. 

İnfeksionist xəstəxanada daxili infeksiyaların mövcud olduğunu deyib: “Xüsusən də COVID mərkəzlərində ağır xəstələr yatır. Ağciyər xəstəlikləri ilə bağlı olan ikinci bakterial infeksiyaları da qeyd etməliyik. Belə xəstələrin müalicəsi üçün çox güclü antibiotiklər tələb olunur. 

Ambulator və stasionar müalicə protokolları var. Ümumi prinsiplər isə eynidir. Stasionar müalicədə daha ağır xəstələr olduğu üçün onlara sistem şəklində infuzion məhlullar daha çox vurulur. Ambulator şəraitdə isə daha çox antibiotiklər istifadə olunur. Ev şəraitində sistem müalicəsi daha az icra olunur”. 

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev hesab edir ki, bu fikirin yayılmasının səbəbkarı bilavasitə insanların özləridir:


Gecikən xəstələrin iddiası

“Xəstə evdə düzgün olmayan, özbaşına müalicəni aldıqdan sonra xəstəxanaya müraciət edir. Gecikdiriləndən sonra isə sağalma ehtimalı çətinləşir. Zamanında düzgün olmayan müalicə üsulları xəstəliyin gedişatında riskləri artırır. Vaxtında doğru müayinə və müraciət olduğu təqdirdə ölüm riski daha aşağı olur. Xəstəxanadaxili infeksiyalar məsələsi var ki, hər zaman gündəmdədir. Tək COVID-də yox, bütün dönəmlərdə əsas problemlərdən biri olub. Tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində biz onunla mübarizədə acizik”. 

Psixoloq Vəfa Əkbər bu məsələdə qorxunun önəmli rol oynadığını deyib:


“İnsanlar bədən immuniteti ilə yanaşı, psixoloji immuniteti də güclü saxlamalıdır. Xəstəxana şəraitində müalicə alan pasiyentlər ətrafda ancaq özləri kimi xəstələri görürlər. Hər insan bir problemini danışır və bu, onlara psixoloji təsir edir. Bundan əlavə, 5-10 xəstəyə bir həkim və bir neçə tibb bacısı düşür.

Qayğının təsiri

Evdə isə bütün qayğı və diqqət xəstənin üzərində olur. Xəstələr doğmalarının onlara göstərdiyi qayğını və səylərini görərkən sağalmağa can atırlar. Buna görə də xəstə özünü xüsusi hiss edir. Sağalmağa istək formalaşır. Xəstəxana şəraitində müalicə alan şəxs isə düşünür ki, o, amansız bir xəstəliyə yoluxub. Bunun çıxışı yoxdur. Bədən sanki çarəsiz olur. Artıq bütün güc fizioloji immunitetə qalır. Psixoloji immunitet isə təslim olaraq müqavimətini itirir. 

Yoluxan insanların ölüm faizinə baxsaq, koronavirus çox insanı öldürmür. Əsasən, bir neçə xəstəliyi olan insanı öldürür. Yaş baxımıyla əlaqəli olaraq immunitet zəifliyi yarana bilir. Bəzi insanlar var ki, gənc yaşda heç bir yanaşı xəstəliyi olmadığı halda belə koronavirusdan əziyyət çəkir və vəfat edir. Qorxu, təşviş, panika kimi amillər burada ön plana keçir. Panikaya düşərkən insanda nəfəs darlığı yaranır. Bu isə həkimlərə maneə törədir. Nəfəs ala bilmədiyi üçün şəxsin müalicəsi çətin olur”. 

Məhərrəm Əliyev