Vaqif məqbərəsi Şuşanın işğalından ƏVVƏL VƏ İNDİ - FOTO/VİDEO

Vaqif məqbərəsi Şuşanın işğalından ƏVVƏL VƏ İNDİ - FOTO/VİDEO
SOSİAL

16 yanvar 2021, 15:23

Mətn ölçüsü

Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməsindən sonra erməni vandalizminə məruz qalan bir sıra tarixi abidələrimizin ürək dağlayan görüntüləri yer alır.

News24.az xəbər verir ki, onlardan biri də Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.


Vaqif türbəsi — Azərbaycanın Şuşa şəhərində yerləşir. Türbənin tikintisi 1982-ci ildə başa çatdırılmış və abidənin açılışında o zaman AKP MK-nın sədri olan Heydər Əliyev də iştirak edib. Türbə AMEA-nın həqiqi üzvü,sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əmkdar memar, memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilib. Vaqif türbəsi Şuşanın Cənub-Qərb tərəfində, bayram şənlikləri və cıdır yarşları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə əzəmətlə ucalır.

Şairin türbəsinin inşası kimi çox mürəkkəb və məsuliyyətli məsələni həll edərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan yaradıcı şəkildə istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilib. Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də fərqlənir. O,planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür. Türbənin oturcağının üç tərəfindən başqa bütün fasadların hündürlüyü boyunca anodlaşdırılan alüminium şəbəkə ilə örtülüb.

Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Baştağın atqısında ağ mərmərdən böyük hərflərlə ölməz şairin adı həkk edilmişdir. 18 metr hündürlükdə ağ mərmər salonun mərkəzində şairin qəbri üzərində qara mərmərdən sənduqə qoyulub.

Türbənin daili memarlğına işıq və hava hopdurulması və heykəltəraş A.Mustafayevin işi olan qabartmanın əlavə edilməsi şairin abidəsini daha da zənginləşdirmişdir. Girişə yönəldilmiş qabartma heykəl interyerin miqyası ilə yaxşı uyğunlaşdırılmışdır. Şəbəkələrdən süzülən işıq şüaları insanda dinamik işıq və kölgə strukturlu daxili məkan haqqında nəhənglik, təmtəraq və romantik coşğunluq kimi xoş duyğular oyadır. Türbənin konstruksiya həlli monolit dəmir-beton karkasa əsaslanır. Bəzək vurmaq üçün yalnız yerli inşaat materiallarından istifadə edilməsi xoş təsir bağışlayır. Müəlliflər Azərbaycanın bürclü türbələrinin kompozisiyalı tərtibatı ənənələrini ustalıqla davam etdiriblər.

Ənənədən fərqli olaraq qülləvari abidənin günbəzlə qurtarmaması, ümumi kompozisiyanın müasir bədii həllini tapıb. Günbəz əvəzinə yastı dəmir-beton örtük layihələşdirilmişdir. Örtüyün yanlarından çıxıntı əmələ gətirən yüksək söykənəcəklər, fasadların zərif alüminium şəbəkələri ilə şaquli kompozisiyada xüsusi yüngüllük, milli xüsusiyyət və uçuş təəssüratı yaradır. Misilsiz təbiət mənzərəsi ilə təsirli təzad təşkil edən, iri miqyaslı abidəvi kompozisiyasına görə yadda qalan, dəqiq və təsirli siluetə malik abidə ustalıqla gözəl dağ mənzərəsinə daxil edilib.

Yüksək peşəkar səviyyədə hazırlanmış Vaqif türbəsi qoruq şəhər olan Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirmiş gözəl abidədir. Erməni silahlı dəstələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə zərər dəymiş, və o hal hazırda bərbad vəziyyətdədir.

Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov Molla Pənah Vaqifin məqbərəsinin yenidən bərpa ediləcəyini bildirmişdi.

YouTube