42 gün işsiz qalan saç ustalarının SEVİNCİ - VİDEOREPORTAJ

42 gün işsiz qalan saç ustalarının SEVİNCİ - VİDEOREPORTAJ
SOSİAL / Video

25 yanvar 2021, 22:02

Mətn ölçüsü

Nazirlər Kabinetinin qərarına əsasən, 42 gündən sonra gözəllik salonlarının və bərbərxanaların qapıları müştərilərinin üzünə açıldı. Xanımlarımız, eləcə də bəylərimiz əvvəlki qayda ilə salonlara üz tuta bilərlər, amma təbii ki, müəyyən şərtlər əsasında. Gözəllik salonuna daxil olan bütün müştərilər ara məsafəni saxlamalı və mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər.

News24.az xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq yollandıq gözəllik salonlarına və bərbərxanalara. 

Baxmayaraq ki, bu gün ilk gündür, amma müştəri sayı kifayət qədərdir. Hətta günlər öncədən yazılanlar belə var. Sahibkarlar da müştəriləri üçün darıxdıqlarını söyləyirlər.

Nigar İbrahimova gözəllik sahəsində çalışan bütün peşəkarları bir daha diqqətli olmağa çağırıb: "Gözümüz aydın olsun. Çox sevincliyik. Nəhayət ki, yenidən müştərilərimizi görüb, onları gözəlləşdirəcəyik. Xidmətimiz əvvəlki kimi yüksək peşəkarlıqla icra olunacaq. Keçən həftədən müştərilərimiz bu günə yazılıblar. Düzdür, müştərilərimiz həddən artıq çoxdur, amma növbənin yaranmaması üçün bu günə çox adam qəbul etmədik. Çünki, hələ biz də tam köhnə rejimə düşə bilməmişik, sanki o qaçaqaçı unutmuşuq. Amma sabahdan hər kəs öz saatında gələcək. Bütün həmkarlarımı bir daha çox diqqətli olmağa səsləyirəm. Çünki, gözəllik, gigiyena hər şeydən vacib məsələlərdən biridir. Koronavirus da tam həyatımızdan yoxa çıxmadığına görə iki qat məsuliyyətli olmağımız da fayda var. Bunların hər biri sağlamlığımız üçündür, heç kim öz kefindən evdə oturmayıb. Xəstəliyi ciddiyə alıb çox diqqətli olmalıyıq. Yəni ki, sosial məsafəni qorumalı, tibbi maskanı taxmalıyıq. O ki qaldı 25 yanvar tarixinə. İnanın ki, gözəllik sahəsində çalışan bütün peşəkarlar bu günü bayram edir". 

Gözəllik ondur, doqquzu dondur deyən ustalar da qaldıqları yerdən öz işlərini davam etdirirlər. Saç ustası Yavuz Çetin deyir ki, 42 gün işsiz qalmaq onu və müştərilərini çox sıxıb: "Evdə çox darıxırdım. Həqiqətən də işsiz qalmaq çox pis bir şeydir. Müştərilərimin saçları uzanıb, rənglərinin qoyulma vaxtı keçib. Hətta müştərilərim tez-tez mənə zəng edib nə vaxt işə çıxacağımla bağlı suallar verirdilər. Çox şükür ki, bu gündən artıq işimim başındayam. Təmizlik və gigiyena qaydalarına əməl edərək onları gözəlləşdirib yola salırıq".

Dırnaq ustası Aytən Alısoy da gözəllik sahəsində çalışan ustalardandır: "Müştəri axını var, hər şey yaxşıdır. Xanımlarımız gözəlləşmək üçün darıxıblar, biz də onlar üçün. Güman edirəm ki, bundan sonra heç bir qapanma olmaz".

Gözəlləşmək üçün 42 gün gözləyən xanımlarımız yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər: "Salonların açıldığına görə çox sevincliyəm. Bura təkçə gözəlləşdiyimiz yox, həm də istirahət yerimizdir. İnanın ki, gözəllik salonları bağlı olanda özümü xəstə kimi hiss edirdim, çox pis olurdum".

Qadın salonlarında gördüyümüz müştəri axınını eyni ilə də kişi bərbərxanalarında gördük. 

Bərbər ustası Mircəfər Əhmədov deyir ki, səhər saatlarından müştərilərinin sayının kifayət qədər olduğunu deyib: "Məlum səbəbdən müştərilərimizin saçları çox uzanmışdı, onları səliqəyə saldıq. İnanın ki, karantin zamanı zənglərin ardı-arası kəsilmirdi, amma çox şükür ki, artıq rahatlıqla onları qəbul edəcəyik. Müştəri sayı həddən artıq çox olduğundan bir az çatdıra bilmirik, amma düzələcək. Bəylərimizdən bizi anlayışla qarşımalarını xahiş edirik".

Xanımlarımız qədər, elə bəylərimiz də gözəlləşmək üçün gün sayıblar.

Sonda onu da qeyd edək ki, koronavirus bəlası hələ də tam həyatımızdan itməyib. Bu virusun tamamilə yoxa çıxması üçün yenə də bizim üzərimizə böyük məsuliyyət düşür. Müəyyən yumşalmalar olsa da qaydalara riayət etməli, özümüzün və sevdiklərimizin həyatlarını riskə atmamalıyıq. Odur ki, qoyulan qaydalara əməl etməklə həmişə gözəllikdə.

Sevda Bayramova
VİDEO: Fərid Şabanov

YouTube