Deputatlardan Siyavuş Novruzovun bu fikrinə MÜNASİBƏT

Deputatlardan Siyavuş Novruzovun bu fikrinə MÜNASİBƏT
SOSİAL

03 fevral 2021, 14:26

Mətn ölçüsü

Milli Məclisin 1 fevral tarixində keçirilən iclasında hərbçilərin maaşı yenidən müzakirəyə çıxarılıb. Bu təkliflə deputat Elman Nəsirov çıxış edib. Deputat Siyavuş Novruzov deyib ki, yanvar ayınadək hərbçilərin maaşı kəsilə bilməzdi: “Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər maaş verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər. Təbii ki, ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir. Bizim qalib hərbçilərimiz təltif olunmalı, hər cür mükafata layiq görülməlidir. Ancaq verilən açıqlamada hansısa qanunun maddəsi ilə əlaqələndirməyə çalışdılar, bu, səhvdir. Bu, icra mexanizmidir”.

News24.az
cəmiyətdə birmənalı qarşılanmayan və ciddi müzakirələrə səbəb olan məsələ ilə bağlı deputatların fikirlərini öyrənib.

Fazil Mustafa vurğulayıb ki, fərqləndirmə həmişə olub:

“Hərbçilərin həyat şərtlərini nəzərə alsaq, düzgün fikirdir. Konkret olaraq ön xəttdə olan hərbçilərin fərqləndirilməsi daha vacibdir”. 

Arzu Nağıyev
bildirib ki, maaşlar təyin edilərkən müəyyən detallar nəzərə alınır:

“Mən özüm köhnə hərbçi olduğuma görə, iqlim şəraitini və döyüş bölgəsini nəzərə alıb, fərq qoymaq istəyirəm. Döyüş bölgəsində olanda maaş bu amillərə nəzərən ikiqat hesablana bilir. Düşünürəm ki, son vaxtlarda sosial şəbəkələrdə yayılan məlumatlarda iqlim və döyüş şəraitinin fərqli olduğunu düzgün çatdırmırlar. Məsələn, Tovuz-Gədəbəy sərhəd əraziləri həm döyüş bölgəsi, həm də iqlimi dəyişik olduğu üçün orada maaşlar da fərqli olur. Bakı şəhəri döyüş bölgəsi olmadığına görə, müəyyən qədər fərq ola bilər.

Bu məsələ ilə bağlı hazırda yenidən hesablamalar aparılır. 44 günlük müharibədə kim iştirak edibsə, döyüş bölgəsində kim olubsa, birmənalı şəkildə maaşları ikiqat hesablanır. Maaş kəsilməsi ilə bağlı nüanslar həqiqətən varsa, bunun hamısının qarşısının alınması üçün müvafiq addımlar atılacaq”.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan əsgərləri və zabitləri hər cür məişət təminatına layiqdir:

“Azərbaycan ordusu müzəffər və qalibdir. Ordunun hər bir təminatını yerinə yetirmək üçün dövlətimiz bütün addımları atır. Orduya diqqət hər zaman olacaq. Hesab edirəm ki, hərbçilərimizin maaşı büdcəyə uyğun olaraq artıla bilər. Bütün bu məsələlər vaxtı çatdıqca həll olunacaq. Daima ordumuzun inkişafı, şəxsi heyətin komplektləşdirilməsi, peşəkar keyfiyyətlərinin artırılması, texniki təchizatı və məişət problemlərinin həlli hər zaman Ali Baş Komandanın diqqətindədir”.

Azər Badamovun fikrincə, ön xəttdə xidmət edən hərbçilərlə Bakıda xidmət edənlər arasında maaş baxımından fərq olmalıdır:

“Ümumən hərbçilərin maddi təminatı məsələsi yüksək səviyyədə təşkil edilməlidir. Həmkarım Siyavuş Novruzovun fikirlərini dəstəkləyirəm. Hərbçilər torpaqlarımızın azad edilməsi uğrunda öz canlarını fəda etmiş şəxslərdir. Bu gün dövlət proqramlarında bu istiqamətdə işlər aparılır. Hardasa iqtisadi azalma baş versə, bunu hərbçilərə aid etməyi düzgün hesab etmirəm”. 

Asim Mollazadə isə deputat həmkarının fikirlərini şərh etmək istəməyib. 

Məhərrəm Əliyev