Azərbaycanda yanacağın keyfiyyətində problemlər olduğu TƏSDİQLƏNDİ

Azərbaycanda yanacağın keyfiyyətində problemlər olduğu TƏSDİQLƏNDİ
SOSİAL / İQTİSADİYYAT

17 fevral 2021, 15:20

Mətn ölçüsü

Azərbaycanda 36 yanacaqdoldurma məntəqəsində monitorinqlər aparılıb. 

News24.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

O bildirib ki, Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər mövcuddur: "Biz bu materialları təhlil edirik və bununla əlaqədar olaraq lazım olan nəzarət-tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb ki, qısa müddətdə bu təbirlər planı açıqlanacaq".

Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, qeyd olunan məsələ ilə bağlı qurumun tabeliyində olan Standartlaşma İnstitutu tərəfindən yeni standart hazırlanır. Bu standartda yanacağın istehsalından və yaxud idxalından tutmuş istehlakçıya qədər olan bütün keyfiyyətə nəzarət prosesləri daxil olacaq. Yeni standart hazırda razılaşdırılmanın son mərhələsindədir və bu yaxında onun tətbiqi sahə üzrə nəzarətin gücləndirilməsinə səbəb olacaq.