Şəhid Elşadın son ƏMANƏTİ - VİDEOREPORTAJ - FOTOLAR

Şəhid Elşadın son ƏMANƏTİ - VİDEOREPORTAJ - FOTOLAR
SOSİAL / Video

20 fevral 2021, 22:07

Mətn ölçüsü

Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş əsgərimiz Elşad Məmmədovun ikinci oğlu dünyaya gəldi. İlk övladını cəmi altı ay görən Elşad, ikinci balasının qoxusunu içinə çəkmədən bu dünyadan köç etdi. Ondan bizə yadigarsa atsını doyunca görə bilməyən iki körpəsi qaldı...Bu gün Elşadsız dünyaya gələn balacaya atasının müqəddəs adını verdilər. Onu üçrəngli, ay-ulduzlu bayrağımıza büküb "sən də atan kimi bu torpağın, bu yurdun, bu elin şadlığı, sevgisi ol, - Elşad", dedilər.  

Şəhid Elşad körpəsini qucağına ala bilməsə də, onu gözünün ilki Məhəmməd, bir də Vətən oğlunun xatirəsini uca tutan dostları, yaxınları bağrına basdılar. Körpəyə "xoş gəldin" deyənlər arasında hər zaman Şəhid və Qazi ailələrini əzizi bilən, onlara hər addımda yardım etməyə çalışan xeyriyyəci Ruhi xanım Əliyeva da var idi. O, bu özəl gündə şahid Elşadın ailəsi, yaxınları qədər həyəcanlı və sevincli idi: "Bu gün də həyatıma özəl anıları ilə həkk olundu. Çünki daha bir Şəhid qardaşımızın ocağının işığını yandıracaq, soyunu davam etdirəcək körpəmiz doğuldu. O da bütün Şəhidlərimizin balaları kimi bizə əmanət, yadigardır. Şəhid qanından, şəhid canından bir parça olan bu balaları bağrına basmaq, onlara "can" demək, həm şərəfli, həm də qürurludur. Arzu edirəm balaca Elşadımız da atası kimi Vətən sevdalısı olsun. Onun adına layiq övlad kimi yetişsin. Əminəm ki, o, böyüdükcə bu adı daşımağın necə böyük bir fəxr, böyük bir məsuliyyət olduğunu dərk edəcək".


Qeyd edək ki, Elşad Məmmədovun oğlunun dünyaya gəlişini tanınmış mama - ginekoloq İlahə Quliyeva həyata keçirdi.

İş xanımı Ruhi Əliyeva söhbət əsnasında doğum uzmanı İlahə Quliyevaya da şəhid balasının dünyaya gəlməsindəki zəhmətinə görə təşəkkür etdi: "Balamızın sağlam doğulmasını, Şəhid xanımımızın sağ-salamat övladına qovuşması peşəkar həkimimiz İlahə xanımın sayəsində baş tutdu. Bu, çox məsuliyyətli bir doğum idi. Fürsətdən istifadə edib həkimimizə də təşəkkür edirəm, ona bu şərəfli məsləyində uğurlar arzulayıram". 

İlahə Quliyeva isə balaca Elşadın məhz onun əlində dünyaya gəlməsindən çox məmnun olduğunu bildirdi: "Gönçə qızımızın ilk hamiləliyi keysəriyyə əməliyyatı ilə sonlanmışdı. Üstündən dörd ay sonra Elşad balamızın şad xəbərinin sədası gəldi. Amma bu hamiləlik çox riskli və çətin idi. Həm ananın, həm də körpənin həyatı üçün təhlükə var idi. Çox şükür, hamiləliyi lazımı müalicələr sayəsində uğurla başa çatdırdıq". 



Hər kəsin gözü üstündə olan Şəhidimizin xanımı Qönçə Məmmədova isə həm qəhrəman həyat yodaşı, həm də varisi körpə Elşad haqda deyilkən hər kəlməyə kövrəlsə də, göz yaşlarını saxlamağa çalışırdı. Ömür-gün yoldaşından ona qalan son yadigarını bağrına basıb yalnız bu kəlmələri dilə  gətirdi: "Ən böyük arzum Elşadın atasının adına layiqli şəkildə böyüməsidir".


Oğlundan qürurla danışan Nuriyyə Məmmədova da Elşaddan ona üç nəfər əmanət qaldığını dedi: "Bu gün həm sevinirəm, həm kədərlənirəm. Sevinirəm, çünki Elşadımın Elşadı dünyaya gəldi, amma üzülürəm ki, şəhid balam bu günləri görə bilmədi. Məhəmmədi cəmi altı ay gördü, amma balaca oğlundan tam xəbərsiz idi. (ağlayır) Oğlumla fəxr edirəm. O cəsur, hörmət qazanan, ailəcanlı, qoçaq oğlan olub. İlham müəllimə burdan dərin təşəkkürümü bildirirəm ki, övladlarımın arxasında durdu". 

Şəhidimizin bacısı Məğlubə Məmmədova da qardaşından qürurla, amma göz yaşı içində danışdı: "Qardaşımla fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin, yerləri cənnət olsun. Deyirdilər ki, şəhidlər heç vaxt ölmür. Bu həqiqətən də belə imiş. Bu gün Elşad sanki yenidən dünyaya gəldi".

Elşad Məmmədovun xalası oğlu Rəsul Dadaşpur da Şəhidimiz və onun dünyaya gələn körpəsi ilə bağlı ürək sözlərini dilə gətirdi: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elşadlar heç vaxt ölməyəcək. Bu körpə balamız vətənpərvər oğul, atasının davamçısı kimi böyüyəcək. Çünki, onun atası qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldı. Onunla qürur duyuruq".


Biz də qürur duyuruq. Məhz bu səbəbdən də bütün Şəhid qanından doğulan məhəmmədlər, elşadlar bizə ən böyük əmanətdir...

Qeyd edək ki, şəhidin ilk övladı Məhəmmədi tanınmış iş adamı, hüquq professoru İlham Rəhimov himayəsinə götürüb. O, Məhəmmədin 18 yaşına qədər olan bütün xərclərini öhdəsinə götürməklə yanaşı, ailənin digər ehtiyaclarını da qarşılayır.

Sevda Bayramova
VİDEO - Hüseyn Həsənov

YouTube