Bir zaman çarpan ürəkdin...

Bir zaman çarpan ürəkdin...
SOSİAL

23 fevral 2021, 18:03

Mətn ölçüsü

“Məni nə basmaq, nə basdırmaq olar. Çünki xalqın ürəyində olan sənətkarlar barmaq sayı ilə ölçülür. Bu gün deyirlər ki, bizim Seyidimiz, Xanımız, Bülbülümüz, Rəşidimiz, Şövkətimiz, Vaqif Mustafazadəmiz olub və deyirlər ki, bu gün Yalçınımız var. Xalq məni o sıraya salırsa, bundan böyük qiymət ola bilməz...”

Bu sözləri vaxtilə verdiyi müsahibəsində demişdi. Müəyyən zamanlarda ona laqeydlikdən, “heç vaxt anadan olduğum gün mənə heç bir nazirlikdən, heç bir yerdən bir zəng, məktub gəlməyib. Heç kəsin yadına düşməmişəm...” deyə umu-küsü eləsə də, onun sevənlərinin ürəyində bir ayrı yeri olduğunu bilirdi. 

Amma inciyib küsməyində də haqlıydı. Zamanında sabiq mədəniyyət nazirinin ona və ailəsinə qarşı apardığı savaş və sonda “Mən bundan çəkinmirəm, çünki biz işləyirik, islahatlar həyata keçiririk və bunu davam etdirəcəyik” deyərək özünü haqlı çıxarmaları onun canını çox yandırmışdı.

Bu amiranə davranışları dünya səhnələrini dolduran sənətinə, səhnə sevgisinə sayğısızlıq saymışdı.

Çünki sənətdə də, şəxsiyyət kimi də prinsipial adam idi.  Fərqli, özünəməxsus, yenilikçi, kimsəni təkrarlamayan Yalçın Rzazadə.

Məhz bu səbəbdən də zamanında o səhnəyə çıxanda hər kəsi yalnız səsi yox, geyimi, tərzi ilə də etkiləyərdi. Özü demiş, saçaqlı kovboy pencəyi, şlyapası, barmağında üzüyü... 

Stereotipləri qıran, Rafael Hüseynovun təbirincə desək, Avropa sənəti, ritmi ilə Azərbaycan milli musiqisini birləşdirən Yalçın Rzazadə.
“Diqqət olmayanda, sənətkar inciyir, bu sənətin böyük nümayəndələrinin hamısı dəymə-düşər olur” deyən Yalçın Rzazadə.

Bəlkə də bu gün növbəti dəfə incidi. Dəfni ilə bağlı öncə Mədəniyyət Nazirliyindən cavab gözləyəndə, sonra isə “vəsiyyətinə uyğun doğulduğu Lənkəranda dəfn olunacaq”, deyəndə. 

Çünki xalqın ürəyindəki yerindən əmin olan sənətkar bəlkə də fəxrimiz olan insanların dəfn olunduğu məkanda torpağa qoyulacağını da umurmuş.

Təəssüf ki, bu, baş tutmadı. 
Onu sakit, səssiz şəkildə son dəfə doğulub-böyüdüyü Lənkərana dəfn etmək üçün üçün yola saldılar. 

Amma Yalçın Rzazadəni sevənlər onu basdırmadı, doğulduğu torpağa tapşırdılar. Tapşırdılar ki, duyğulu, məxmər səsli ürəyinin qarışdığı o torpaq yeni Yalçınlar göyərtsin.

Torpağınız yumşaq olsun, Yalçın müəllim. Sizi hər zaman bu kəlmələrlə xatırlayacağıq: 

Eşqinlə çağlayan illərə,
Saçına düzdüyüm güllərə,
Bu gündən, əzizim, dünyada,
Əlvida deyirəm, əlvida!
Birzaman çarpan ürəkdik
Birzaman, çaxan şimşəkdik 
Bir zaman...
Bir nurlu günəşdin sönmüsən 
Əlçatmaz xəyala dönmüsən
Günahkar gəzməyək dünyada...
Əlvida, əzizim...
Əlvida...!

Rəna CUMAQIZI

YouTube