"Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah" adlı onlayn SEMİNAR BAŞ TUTDU

"Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah" adlı onlayn SEMİNAR BAŞ TUTDU
SOSİAL

25 fevral 2021, 13:25

Mətn ölçüsü

Fevralın 24-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva "Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah" adlı onlayn seminarda iştirak edib. Tədbir Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Beynəlxalq Türk Akademiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

News24.az xəbər verir ki, seminarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, Türk əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, rəsmi qurumların təmsilçiləri, səfirlər, rektorlar və alimlər iştirak ediblər. Seminarın moderatoru qismində Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attar iştirak edib.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Günay Əfəndiyeva çıxışında türk dövlətlərin müstəqilliklərinin elan edilməsinin tarixin şərəf səhifəsində silinməz izlər buraxdığını bildirib. O, türk xalqlarının bütün sahələrdə birlikdə hərəkət etməsi üçün mədəni inteqrasiyanın inkişafının əhəmiyyətini vurğulayıb. Eyni zamanda qardaş Türkiyənin türk dövlətlərinin müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayaraq, hər zaman türkdilli xalqlara verdiyi dəyəri xüsusi qeyd edib. Qarabağın işğaldan azad olunması məsələsinə toxunan Günay Əfəndiyeva Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqlarına qovuşmasının bütün türk dünyasının tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Günay Əfəndiyeva həmin dövrdə türkdilli əməkdaşlıq təşkilatlarının göstərdikləri həmrəyliyin xüsusi əhəmiyyət kəsb etdiyini və dağıdılmış ərazilərin bərpası üçün birgə işlərin görülməsinin vacibliyini qeyd edib.

Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, təşkil edilmiş tədbirlərdən, eləcə də türkdilli xalqların maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək layihələrdən söz açıb. O, Fondun üzv ölkələrlə yanaşı, digər dövlətlərlə, o cümlədən Avropa ölkələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndiyinə diqqət çəkib. Cari ilin əvvəlində Fond ilə Litva arasında orada yaşayan türk etnik kökənli azsaylı xalqların - tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyan əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib.

Seminar türk dünyasının mədəniyyətinin, tarixinin inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi ilə davam edib.