Sosial məsafəyə əməl etməyən AZAL qiymətləri kəllə-çarxa QALDIRDI - SƏBƏB?

Sosial məsafəyə əməl etməyən AZAL qiymətləri kəllə-çarxa QALDIRDI - SƏBƏB?
SOSİAL

01 mart 2021, 16:37

Mətn ölçüsü

Artıq Azərbaycanda ilk koronavirusa yoluxma faktından 1 il ötüb. 28 fevral tarixində bununla bağlı edilən açıqlamadan ölkədə bir çox qadağalar həyata keçirildi, qapanmalara gedildi. İlk olaraq isə elə xarici ölkələrə gediş-gəliş dayandırıldı. 

News24.az
xəbər verir ki, bu qadağa ötən ilin 1 iyul tarixinə qədər davam etdi. Uçuşlar başlayan zaman isə aviabiletlərin qiyməti şok effekti yaratdı. 

Öncədən bu qiymət artımının sosial məsafə ilə əlaqəli olduğu bildirildi. Yəni, uçuş zamanı təyyarədəki ümumi yerlərin cəmi 50 faizi satışa çıxarılacaqdı. Buna görə də AZAL- da və “Türk Hava Yolları”da təxminən gediş-dönüş üçün 400 manat olan ekonom aviabilet bu dönəmdə 800 manat və daha baha satışa çıxarıldı. 

Bəs, söhbət açdığımız uçuşlar sosial məsafə ilə həyata keçirilirdimi? 

Qiymətlərdə hazırda da heç bir dəyişiklik edilməyib. Bakı-İstanbul-Bakı aviareysini həyata keçirən aviaşirkətlərdə qiymət elə eyni olaraq qalır. Bir nəfərin Türkiyəyə səfəri orta hesabla 950 – 1000 manata başa gəlir. Bura koronavirus testi də daxildir. 
Hətta ötən gün Rusiyaya səfər edən sərnişinlərdən biri də qiymət bahalığından şikayət etmişdi. Yazmışdı ki, hazırda Rusiyaya olan biletin qiymətinə əvvəllər Nyu-Yorka uçmaq mümkün idi.

Əsas məqam isə təyyarədə heç bir sosial məsafəyə əməl edilməməsidir. Sərnişinlə dolu təyyarə pandemiyadan öncəki kimi uçuşları həyata keçirir. Buna baxmayaraq, təyyarənin salonunda olan zaman dəfələrlə sosial məsafəyə əməl edilməsi ilə bağlı anonslar səslənir. Maraqlıdır, görəsən həm sağında, həm də solunda oturanların olduğu halda sərnişin bu sosial məsafə üçün təyyarənin qanadındamı oturmalıdır?

Əgər aviaşirkətlər pandemiyadan öncə olduğu kimi fəaliyyət göstərirsə, təyyarəyə maksimum sərnişin toplayırsa, o zaman bu qiymət artımı nə ilə bağlıdır?

Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də   bir neçə dəfə açıqlamalarında AZAL-ı sərt tənqid etmişdi: “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? ”

P.S. Sonda isə belə bir qənaətə gəlmək olar. Yəqin ki, AZAL heç bir səbəb olmadan artırdığı bu qiymətlərin hesabına  götürdüyü kreditləri ödəmək istəyir. 

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. Onun sualımıza cavabı belə oldu: "Karantin qaydaları tədbiq olandan və sərhədlər bağlanandan sonra Baş nazirin imzaladığı xüsusi qərarlar var. Biz bütün uçuşlarımızı o qaydalara və həmin qanun çərçivəsində həyata keçiririk". 
 

Teymur Məmmədov