6 manatlıq yol 19 manata qalxdı – Yağış yağanda taksi qiymətləri niyə artır?
Sosial
Dünəndən başlayan yağışlı hava şəraiti hər şeydən əvvəl taksi qiymətlərinə təsir elədi. Leysan başlayar-başlamaz taksilərin qiyməti “əl yandırdı”. Adi hava şəraitində 7-8 manata gedilən məsafəyə 17-20 manat tələb olundu. Sərnişinlərin əksəriyyəti də qiymətlərdəki bu dəyişikliklə bağlı narazılılarını sosial şəbəkələrdə dilə gətirdi.
Maraqlıdır, hava şəraiti dəyişən kimi taksi tariflərinə niyə bu qədər yüksəlir? Qiymətlərin qısa müddətdə iki dəfədən çox artmasının səbəbi nədir?
Məsələ ilə bağlı News24.az “Bolt” və “Yango” şirkətlərinə sorğu ünvanlayıb.
“Bolt”dan saytımıza bildirilib ki, bu platformada gedişhaqqı dinamik şəkildə formalaşır və sifariş zamanı mövcud tələb-təklif nisbəti, yol hərəkətinin intensivliyi, marşrutun uzunluğu, səfərin müddəti və sürücülərin əlçatanlığı kimi amillər nəzərə alınır:
“Yağışlı, küləkli və ya soyuq hava şəraitində taksiyə tələbat arta, eyni zamanda aktiv sürücülərin sayı azala bilər. Belə hallarda tələb və təklif arasında yaranan fərq səbəbindən qiymətlərdə müvəqqəti artım müşahidə oluna bilər. Yəni hava şəraiti özü ayrıca qiymət artımı tətbiq etmir, lakin onun yaratdığı yüksək tələbat dinamik qiymətləndirməyə təsir göstərə bilər.
Qiymətlər günün vaxtından, şəhərdən və xidmət kateqoriyasından asılı olaraq dəyişə bilər. Tələbat normallaşdıqda qiymətlər də müvafiq olaraq əvvəlki səviyyəyə qayıdır.
İstifadəçilərin qiymətlərlə bağlı rəylərini diqqətlə izləyirik və platformada tələb və təklif arasında balansın qorunmasına çalışırıq”.
“Yango”dan verilən cavaba görə də, səfər tariflərinin dəyişməsi hava şəraitinin pisləşməsinə, avtomobil çatışmazlığına və digər amillərə reaksiya verən dinamik qiymətqoyma alqoritminin işi ilə bağlıdır: “Müəyyən bir ərazidə sifarişlərin sayı mövcud avtomobillərin sayını dəfələrlə üstələdikdə sistem artırıcı əmsalı işə salır.
Bu texnoloji həll tərəfdaş-sürücüləri xəttə çıxmağa və yüksək tələbat zonalarına yönəlməyə təşviq edir. Beləliklə, xidmət hətta pik saatlarda belə gedişlərin əlçatanlığını təmin edir, tələb və təklif balansı bərpa olunan kimi isə qiymət baza səviyyəsinə qayıdır”.