1 saylı Kliniki Tibbi Mərkəzdə pul yığımı? – Fotofakt
    • 13-11-2018, 13:04
    • 1 223

1 saylı Kliniki Tibbi Mərkəzdə pul yığımı? – Fotofakt

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində yerləşən, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzində xəstə yanına gələn ziyarətçilərdən pul yığılmasına dair məlumatlar yayılıb.

Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən tirajlanan məlumata görə xəstəxanaya ziyarətçi qismində gələn hər kəsdən 1 manat məbləğində pul yığılır. Məlumatda həmçinin o da qeyd edilib ki, pulu xəstəxananın mühafizəçiləri yığır, vermədikdə isə fiziki güc tətbiq edirlər.

Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzi ilə əlaqə saxladıq. Telefon zənginə cavab verən xanım məsələ ilə bağlı danışmaq səlahiyyətinin olmadığını, onun adi operator olduğunu bildirərək zəngi xəstəxananın baş həkim müavini Adil Salahova yönləndirdi. Sonradan Adil Salahovun hüzr mərasimində iştirak etdiyi üçün işdə olmadığını bildirdi.

Xəstəxananın baş həkimi Ədalət Dadaşovla bir neçə dəfə əlaqə saxlamaq istəsək də zəngimizə cavab verilməyib.

Bununla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sosial şəbəkələrdə yayılan məlumatı oxucularımıza təqdim edirik:


//Bizimyolinfo.az