ADU-da radio otağının açılışı oldu - FOTOLAR
Sosial
Azərbaycan Dillər Universitetinin (ADU) Jurnalistika şöbəsində tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yeni radio otağının açılışı olub.
News24.az xəbər verir ki, açılış mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla, rektorun məsləhətçisi Anar Osmanlı, Jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Kamal Abdulla yeni tədris ilinin başlaması münasibətilə tələbələri təbrik edib, onlara təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor tələbələrin müasir media mühitində peşəkar jurnalist kimi formalaşmasının vacibliyini vurğulayıb.
Kamal Abdulla, həmçinin Azərbaycan Dillər Universitetinin beynəlxalq arenada qazandığı uğurlardan danışaraq, ADU-nun müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihə və təşəbbüslərin universitetin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Yeni radio otağının jurnalistika tələbələrinin nəzəri biliklərini praktiki fəaliyyətlə birləşdirməsinə, radio jurnalistikası sahəsində təcrübə qazanmasına və müasir media bacarıqlarını inkişaf etdirməsinə imkan yaradacağı bildirilib.