Ağdamda qonşularımla çay içirəm - Aqil Abbas
Sosial
20 Noyabr tarixi Ağdam Şəhəri Günüdür. 6 il öncə - 2020-ci il noyabrın 20-də Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsi nəticəsində Ağdam rayonu Ermənistanın işğalından azad olunub. Hazırda rayonda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.
Rəsmi məlumata görə, 2026-cı ilin yanvar–oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
2026-cı ilin yanvar–sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370,0 min manat investisiya yönəldilib.
News24.az xəbər verir ki, Milli Məclisin əslən Ağdamdan olan deputatı Aqil Abbas şəhərin bugünkü vəziyyəti və gələcəyi, Böyük Qayıdış prosesi ilə bağlı Modern.az-a danışıb.
Deputat bildirib ki, Ağdam heç vaxt işğal olunmayıb və ağdamlıların ruhu işğal edilsəydi, şəhər də işğal olunardı:
“Ağdam heç vaxt işğal olunmayıb. Ağdamlıların ruhu işğal olunsaydı, Ağdam işğal olunardı. Bu gün Ağdamda bayramdır. Ziyalılarla, dostlarımla, köhnə ağdamlılarla, qonşularımla çay içirik. Tək Ağdamı yox, Azərbaycanın heç bir torpağını heç kəs işğal edə bilməz".
A.Abbas Böyük Qayıdışdan da danışıb:
"Gəlin Ağdamı görün, gözəl binalar tikiblər. Əhali köçüb yaşayır. Hazırda köçən əhali ilə birlikdə "İmarət"də çay içirəm. Evləri tikib insanları köçürsünlər. Sonra stadionu tikəcəklər. Hazırda Böyük Qayıdış prosesi gedir. Layihə artıq hazırlanıb. Allahverdi Bağırovun abidəsi ucaldılacaq. Heykəlini də millət vəkili Ağalar Vəliyev hazırladıb”.